23 sentyabr 2021 20:37
1101

Avropa dövlətləri Ermənistanı regionda vəziyyəti gərginləşdirməyə xidmət edən təhlükəli addımlarından çəkindirməlidir

“BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində sentyabr 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb. Nazir Ceyhun Bayramov AŞ-ın baş katibinə üçtərəfli bəyanatların icrası ilə bağlı məlumat verərək, bu xüsusda Ermənistanın əsassız iddialarının bölgədə sülh quruculuğu ilə bağlı kövrək vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyini vurğulayıb. Mariya Buriç AŞ-ın bölgədə sülh, inkişaf və rifahın təmin olunması mövqeyindən çıxış etdiyini xatırladaraq, bunun üçün müvafiq dəstəyi göstərməyə hazır olduqlarını ifadə edib. Bu məsələlər əslində  Mariya Buriçə çox yaxından tanışdır. Çünki xorvatiyalı Mariya Buriç bu prosesləri yaxşı dərk edir. Mənsub olduğu ölkə Xorvatiya da vaxtilə müstəqilliyini elan etdiyi ilk dövrlərdə məhz serblər tərəfindən böyük təhdidlərə, hücumlara məruz  qalmış, separatizmlə üzləşmişdi. Bu baxımdan hesab edirəm ki, Mariya Buriç separatizmə və işğalçılıq siyasətinə münasibətdə obyektiv yanaşma nümayiş etdirməlidir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

A.Əliyev bildirib ki, təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxışı zamanı AŞ-ın baş katibi xanım Mariya Buriç düzgün yanaşma sərgiləyərək Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad olunan ərazilərində basdırılmış mina xəritələrinin Azərbaycan tərəfinə verilməsi üçün çağırış etmişdi: “Hesab edirəm ki, regionda əldə olunmuş sülhün davamını istəyən istənilən qüvvə başda Avropanın siyasi institutları və onların rəhbər şəxsləri olmaqla demokratik dəyərlərin daşıyıcısı olduğunu elan edən Avropa dövlətləri Ermənistanı regionda vəziyyəti gərginləşdirməyə  xidmət edən təxribatçı addımlardan çəkindirməyə çalışmalıdır. Biz xüsusilə tarixin müxtəlif dövrlərində separatizmlə üzləşmiş dövlətlərdən Ermənistanı atdığı addımlardan çəkindirəcək çağırışlar gözləyirik. Çünki bu addımların atılması Cənubi Qafqaza davamlı sülhün gəlməsinə kömək etmiş olacaqdır. Təəssüf ki, biz bir çox hallarda bunun əksini görürük. Bu yaxınlarda Amerikanın Ermənistandakı səfiri beynəlxalq hüquq prinsiplərinə zidd olan fikirlər səsləndirib. Səfir Lynne Tracy səlahiyyət çərçivələrini kobud şəkildə aşaraq bildirib ki, “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk qrupunun gündəliyindədir” ABŞ diplomatının belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır”.

Beynəlxalq ekspert qeyd edib ki, digər tərəfdən, Avropanın demokratik dəyərlərindən danışan Fransanın rəhbər şəxsləri Ermənistana müxtəlif vasitələrlə köməkliklər ediləcəyini, müxtəlif maliyyə yardımlarının ayrılacağını  və regionda destabilləşməyə xidmət edəcək addımlara dəstək verəcəklərini bildirməklə əldə olunmuş sülhə təhdid yaradırlar: “Bunun timsalında bir sıra Avropa təşkilatları və Qərbi Avropa dövlətləri hesab edirlər ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə yaratdığı reallıqları dəyişməklə regionda yeni reallıqlar yarada, yaranmış proseslər fonunda regiona daxil olub öz maraqlarını təmin edə bilərlər. Hesab edirəm ki, Azərbaycan dövləti Prezident  İlham Əliyevin rəhbərliyi ilə çox soyuqqanlı, düşünülmüş siyasət yeridir. Məhz bu siyasətin nəticəsi kimi Azərbaycan təkcə xalqının deyil, bölgə xalqlarının rifahına xidmət edən çox uğurlu meqalayihələr həyata keçirilir.  Xüsusilə Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir. Bu dəhliz Cənubi Qafqazda davamlı sülhə xidmət edəcək təşəbbüsdür”.

A.Əliyev onu da vurğulayıb ki, nəhayət, Ermənistan cəmiyyəti, siyasi elitası dərk etməlidir ki, regionda davmlı sülhün tərəfdarı olan dövlətlərlə mehriban qonşuluq siyasəti həyata keçirməli və əassız ərazi iddialarından əl çəkməlidirlər: “Bu, Ermənistan üçün yeganə çıxış yoludur. Yalnız bundan sonra istənilən kənar müdaxilələrdən asılı olmayaraq regiona davamlı sülh gələcək, Cənubi Qafqaz barış bölgəsinə çevriləcəkdir. Bu zaman region dövlətlərinin mənafeyinə xidmət edən qarşılıqlı əlaqələri özündə əks etdirən siyasi, iqtisadi kommunikasiya layihələri daha uğurla reallaşacaqdır”.

Nigar Orucova, “İki sahil”