Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimovun Krallığın İrbid vilayətinə səfəri zamanı iki ölkənin iş adamları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
“İki sahil” xəbər verir ki, diplomatımızın İrbid valisi Radvan Əl-Atum ilə görüşündə vilayətin sənaye müəssisələrinin istehsal potensialı haqqında məlumat verilib, həmçinin Azərbaycandakı iş adamları ilə idxal-ixrac və sərmayə imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İordaniyanın “JordanTV” dövlət telekanalına müsahibə verən E.Səlimov qeyd edib ki, Azərbaycan dost İordaniya ilə bütün sahələrdə, o cümlədən iqtisadi məsələlərdə əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. İki ölkənin regionları arasında əməkdaşlığın da potensialı böyükdür. İordaniya Sənaye və Ticarət Palatasının sədri Məhəmməd Əl-Şuxinin təşəbbüsü ilə yaxın vaxtlarda biznesmenlərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri də təşkil ediləcək.