27 sentyabr 2021 01:28
740

Aydın Mirzəzadə: Azərbaycan ənənələrinə sadiq qalmaqla tərəqqiyə, sülhə açıq ölkə olduğunu dünyaya nümayiş etdirir

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videoformatda çıxışı dünyaya bir çağırış, xəbərdarlıqdır.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, dövlətimizin başçısı öz çıxışında Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməyən, orta əsrlərə aid təfəkkürlə siyasət yürüdən bir ölkə olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdıran bir mesaj verdi: “Dünyanın beynəlxalq təşkilatları, ölkələr 30 il ərzində Ermənistanın siyasi şıltaqlığına dözdülər və Azərbaycanın tarixi torpaqlarının uzun müddət işğal altında qalmasına imkan verdilər. Azərbaycan Lideri dünyanın ən mötəbər təşkilatının tribunasından bunun çox gözəl xarakteristikasını verdi və işğalçı Ermənistanın bizim üçün hansı miras qoyduğunu faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bildirildi ki, işğal edilən ərazilərdə nəinki iş görülmədi, əksinə mövcud infrastruktura tamamilə dağıdıldı, təbiətə ciddi zərər vuruldu. Qəbir daşlarının sökülməsi, dini və mədəniyyət abidələrinin dağıdılması erməni varvarlığının nəticəsidir”.

A.Mirzəzadə diqqətə çatdırıb ki, Ermənistan təkcə şəhərləri, kəndləri viran qoymadı, həm də ekoloji terrora əl atıb. Meşələrimiz məhv edilib, çaylarımız zəhərlənib, torpaqlarımız minalanıb. 44 günlük Vətən müharibəsindən sonra torpaqlarını işğaldan azad edən Azərbaycana bütün bu fəsadların qarşısını almaq üçün onillikllər lazımdır: “Ölkəmiz artıq bu fəsadların qarşısını almaq üçün işlərə başlayıb. Dünyanın diqqətini cəlb edən iri layihələr həyata keçirən Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sürətli və nəhəng işlər görür. Dövlətimiz Ermənistanla sərhəddə möhkəmlənərək, demarkasiya və delimitasiya işlərini sürətləndirir”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev öz çıxışında bir daha diqqətə çatdırdı ki, münaqişə artıq bitib və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib: “Dövlətimizin başçısı münaqişənin başa çatdığını və Azərbaycanın Ermənistanla sülh şəraitində yaşamağa hazır olduğunu bəyan etdi. Adətən, müharibədən sonra qalib və məğlub ölkə arasında münasibətlərin normallaşması və sülh şəraitində yaşaması üçün xeyli müddət lazım olur. Amma Azərbaycan Lideri ölkəmizin buna hazır olduğunu bildirərək, qonşu ölkə ilə bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın mümkünlüyünü də istisna etmədi. Bu kontekstdə Zəngəzur dəhlizinin xüsusi əhəmiyyəti vardır. Çünki Azərbaycan Zəngəzur dəhlizi ilə təkcə Naxçıvanla quru nəqliyyatı bərpa etmir, həm də bir çox ölkələrin iqtisadi inkişafı, kommunikasiya əlaqələrinin genişlənməsi üçün əlverişli şərait yaratmış olur”.

Azərbaycanın təkcə bu məsələdə deyil, ümumiyyətlə digər layihələrdə də nəinki özünün, qonşu ölkələrin də maraqlarına xidmət etdiyini vurğulayan A.Mirzəzadə bildirib ki, bu layihələrdən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti dediklərimizin əyani sübutudur. Azərbaycan Xəzər dənizinin sülh zonası elan edilməsi ilə bağlı irəli sürdüyü təşəbbüslər də bu qəbildəndir.

“Başına gələnlərdən nəticə çıxarmayan Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasına tələsmir və bu da çox təəssüf doğurur. Belə çıxır ki, işğalçı ölkə 44 günlük müharibədən özü üçün hələ də nəticə çıxarmayıb. Bu, bir tərəfdən heç də təəccüb doğurmur. Çünki erməni cəmiyyəti yüz illərdir ki, türklərə, azərbaycanlılara qarşı nifrət ideologiyasında yetişib, tərbiyə olunublar. Bu ideologiyanın onların xəstə beynindən silinməsi üçün müəyyən müddət lazımdır. Siyasi rəhbərlərin gücü məhz ondadır ki, onlar bu stereotipləri dağıda bilirlər. Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxın münasibətlər qurmaqdan başqa çarəsi yoxdur. Bu ölkənin bir dövlət kimi yaşaması və var olması üçün bu, mütləqdir. Təsadüfi deyil ki, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın əhalisinin 30 faizi ölkədən çıxıb gedib. Bu proses indi də davam edir. Azərbaycan hökumətinin verdiyi şansdan istifadə etmək bu ölkənin seçiminə qalıb” , - deyə deputat qeyd edib.

Deputat bildirib ki, sülhün, tərəqqinin, inkişafın tərəfdarı olan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə infrastrukturu yenidən qurur. Yollar, elektrik, su xətləri çəkilir, aeroport inşa edilir. Füzuli Beynəlxalq Hava Limanı artıq sərnişinləri qəbul edir. Şəhərlərin baş planları hazırlanır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, artıq ilin sonuna və gələn ilin əvvəlinə mədəniyyət paytaxtımız Şuşanın sakinləri öz yurd-yuvalarına qayıda biləcəklər.

“Azərbaycan öz torpağına sahib çıxmağın, öz gücünə arxalanaraq güclü, qüdrətli və vətəndaşını məmnun edən bir dövlətin var olmasının mümkünlüyünü nümayiş etdirir. Bütün bunlar Azərbaycanın öz gücü hesabına edilir. Vaxtilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və müasir və müstəqil Azərbaycanın çiçəklənməsinə yönəldilən dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan gələcəyə böyük ümidlərlə baxır. Ölkəmiz dünyaya ənənələrinə, tarixinə sadiq qalmaqla müasirliyə, tərəqqiyə, sülhə açıq oldu ölkə olduğunu nümayiş etdirir”, - deyə A.Mirzəzadə fikirlərini yekunlaşdırıb.