07 oktyabr 2021 22:58
1901

Şəbnəm Həsənova: İranın sərgilədiyi münasibətə nə ad vermək olar?

İkisahil.TV-nin bügünkü müsahibi politoloq Şəbnəm Həsənovadır

- Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici siyasətində Qərbə inteqrasiyanı əsas prioritetlərdən biri kimi müəyyən edib. Avropa İttifaqı ilə Azərbaycanın əlaqələrində son illərdə hansı irəliləyişlər müşahidə olunur?

 - Ölkəmiz Avratlantik strukturlarla əlaqələrin genişləndirilməsi istiqamətində olduqca mühüm işlər həyata keçirmişdir. Azərbaycanın Avropa Şurası, ATƏT, NATO kimi beynəlxalq təşkilatlarla əlaqələri dinamik inkişaf edib. Bəzi sahələrdə isə hətta strateji əməkdaşlığın təməli qoyulub. Bu zaman çərçivəsində Avropa İttifaqı Azərbaycanla qurduğu yaxın əlaqələri daha da dərinləşdirməkdə maraqlı olduğunu göstərmişdir. Belə ki, əməkdaşlıqdan kənara çıxıb, tədrici iqtisadi inteqrasiya və siyasi əməkdaşlığın dərinləşməsinə doğru mühüm addımlar atmışdır.

Avropanın ən nüfuzlu təşkilatlarından biri olan Avropa İttifaqı ilə də Azərbaycanın əlaqələrində son illərdə olduqca mühüm irəliləyişlər əldə olunmuşdur.  2011-ci ildə sözügedən təşkilatla Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsi üzrə birgə bəyannamə imzalandı. Hesab edirəm ki, bu, münasibətlərimizin inkişafına impuls verən ən önəmli məsələdir. Aydın mənzərədir ki, son zamanlarda enerji təhlükəsizliyi dünyanı və xüsusilə də Avropa İttifaqını dərindən düşündürən ən önəmli məsələyə çevrilib. Azərbaycan isə zəngin karbohidrogen ehtiyatlarına malik olmaqla yanaşı, dünya bazarlarına çıxış yollarına da sahibdir. Məhz bu səbəbdən da hal-hazırda enerji təhlükəsizliyi məsələsi Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının önəmli tərkib hissəsinə çevrilmişdir. Aİ Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri hesab edir. Əsas amil ondan ibarətdir ki, Azərbaycanın illər ərzində dünya siyasi arenasında formalaşdırdığı etibarlı tərəfdaş obrazı məhz qarşı tərəfi Azəbaycanla əməkdaşlıq qurmaqda  daha da maraqlı edir. Cənub Qaz Dəhlizi layihəsi münasibətlərimizdə yeni bir səhifə açdı. Hətta ölkəmizin ərazisində faktiki olaraq müharibə getməsinə baxmayaraq layihənin dördüncü, yəni son seqmenti olan Trans Adriatik Boru Kəməri müharibədən qısa müddət sonra, yəni, 31 dekabr 2020-ci il tarixində istifadəyə verildi və qısa zaman kəsiyində layihənin reallaşdırılması ilə tarixdə ilk dəfə olaraq Azərbaycan mavi qazı Avropaya çıxdı. Hal-hazırda Cənub Qaz Dəhlizi layihəsində iştirak etməyən dövlətlər bu layihəyə qoşulmaq niyyətlərini ifadə edirlər. Təbii ki, Azərbaycan da bu məsələyə müsbət baxır. Eyni zamanda, Avropa İttifaqı minaların təmizlənməsi və sərhədlərin delimitasiyası ilə əlaqədar olaraq kömək göstərmək təklifi ilə çıxış edib. Azərbaycan açıq şəkildə bəyan edir ki, hələ də həllini tapmayan məsələlər üzərində işləməyə hazırdır və bu istiqamətdə də Azərbaycanın müxtəlif səviyyəli dövlət rəsmiləri Avropa İttifaqı ilə təmasdadırlar. Ermənistan tərəfi vasitəçilik məsələsində tərəddüd etsə də Azərbaycan tərəfi dürüst vasitəçi kimi Avropa İttifaqına inanır. İkitərəfli münasibətlər, regional inkişaf, postmüharibə vəziyyəti ilə bağlı hər iki tərəfin baxışları tamamilə üst-üstə düşür. Azərbaycan Avropa İttifaqından faydalı iş istiqamətində addımlar gözləyir. Bütövlükdə isə Azərbaycan sadəcə siyasi baxımdan deyil, iqtisadi dəstəklə əlaqədar olaraq da təkliflər gözləyir. Humanitar, təhsil, Azərbaycanın demokratik inkişafı ilə bağlı bütün bu məsələlər tərəflərin gündəliyindədir.

- Azərbaycan uzun illər ərzində ən yüksək səviyyədə öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyəcəyini bildirib. Bunun qarşısında son günlər İranın sərgilədiyi qeyri-obyektiv münasibətə nə ad vermək olar?

- 44 günlük Vətən müharibəsi reallıqları daha da üzə çıxardı. Belə ki, Azərbaycan əsl dostunun, qardaşının kim olduğunu yaxşı gördü. 30 illik işğal dövründə deyil, məhz işğala son verildikdən sonra İranın Azərbaycanla sərhəddə təlimlər keçirməsi bu reallığı bir daha aydın şəkildə gözlər önünə gətirdi. Haqlı olaraq da bu məsələ Azərbaycan cəmiyyətində narazılığa səbəb oldu. Amma dünya mediasında, sosial şəbəkələrdə İranın bu işinə ucuz şou kimi baxdılar. Çünki İran öz texnikasını vurub sıradan çıxarmaqla, gülüş və məsxərə obyektinə tuş gəldi. İranın Ermənistana dəstəyi ötən əsrin  90-cı illərindən bəllidir. Belə ki, işğal siyasətinin başında duran Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyirdi: «İran bizim üçün nəfəslik rolunu oynayır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan çökər». Sonra bu fikirləri fərqli formada cani, Xocalı soyqırımını törədən, əli günahsız körpələrin qanına batmış Koçaryan da ifadə edirdi. Bu, ötən əsrə aid faktlardırsa ən son, 4 oktyabr 2021-ci il tarixli faktı da vurğulamaqda fayda var. Belə ki, Ermənistanın «newsarmenia» nəşri 4 oktyabr 2021-ci il tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxuri ilə görüşündən xəbər verdi ki, bu görüş əsnasında səfir Tehranın qardaş Ermənistanla münasibətləri ən yüksək səviyyədə inkişaf etdirməyə çalışacağını vurğuladı. Uzun illər Ermənistanla İran arasında müxtəlif layihələr reallaşdırıldı, biznes forumları keçirildi. Azərbaycan isə illər ərzində ən yüksək səviyyədə mövqe səsləndirdi ki, heç bir zaman öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyəcək. İran öz xarici siyasətində, atdığı addımlarda, səsləndirdiyi bəyanatlarda bu məsələləri nəzərə almalıdır.  Müharibədən sonra yaranmış reallığa uyğun olaraq Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan «altılıq platforması» təklifi ilə çıxış etdi. Bu təşəbbüsə ilk dəstək verən ölkə Azərbaycan oldu. Rusiya da bu təşəbbüsü dəstəklədi. Sonuncu dəfə Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada keçirilən mətbuat konfransında bildirdi ki, bölgədə «3+3» formatının yaradılması imkanları müzakirə olunur ki, formatda Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə təmsil olunacaqlar. Əməkdaşlıq formatından, nəqliyyat, kommunikasiyaların açılmasından bütün region ölkələri, xalqları faydalanacaq. 

- Müharibədən sonra yaranmış reallıq regional aviasiya təhlükəsizliyi qaydalarında hansı dəyişikliyə səbəb oldu?

-11 yanvar 2021-ci il tarixində Moskvada Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında keçirilmiş üçtərəfli görüş, Moskva Bəyanatının imzalanası Cənubi Qafqazın iqtisadi mənzərəsini, nəqliyyat xəritəsini yeni reallıqlar əsasında formalaşdırmağa xidmət edən məsələ idi. Təbii ki, bu Bəyanat bütün region ölkələrinin qarşısında yeni iqtisadi perspektivlər açır. Belə ki, müharibədən sonra yaranmış reallıq regional aviasiya təhlükəsizliyi qaydalarında da dəyişikliyə səbəb oldu. «Azərbaycan Hava Yolları» QSC oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başladı. Artıq Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir. Eynilə Ermənistanın mülki təyyarələri də Azərbaycan hava məkanından kəçən dəhlizlərdən istifadə edə bilərlər. Bu məsələ təbii ki, regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Bu məsələ həm də Ermənistanın illər ərzində düşdüyü blokadadan çıxmasına kömək edir. Belə ki, Ermənistanın tranzit ölkəyə çevrilməsi ilə İranın hava məkanından istifadə etməsinə ehtiyac qalmır.

- Azərbaycan danışıqlara, dialoqlara açıq olduğunu hər zaman yüksək səviyyədə  bəyan edib. Sizcə, Ermənistanın bu istiqamətdə yanaşması necədir?

- Cənab Prezident müharibənin başlamasının ilk ildönümündə İspaniyanın EFE informasiya agentliyinə müsahibə verərkən mövcud durum, Azərbaycanın xarici siyasətdə atacağı addımlar haqqında bir daha dünya ictimaiyyətini məlumatlandırdı. Müsahibədə diqqət çəkən məqamlardan biri o idi ki, Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşü, Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlıq formatı da danışıqlar və təmasları artıq başlayıb. İstisna olunmur ki, gələcəkdə də bu cür görüşlər keçirilsin. Azərbaycan hər zaman ən yüksək səviyyədə bəyan edib ki, danışıqlara, dialoqa açıqdır, çünki Azərbaycanın çəkinəcəyi heç bir məsələ yoxdur. Hətta işğal dövründə belə dövlətimiz bəyan edirdi ki, fikir ayrılıqları danışıqlar yolu ilə həll oluna bilər. Azərbaycan Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiqdir, qarşı tərəfdən də bunu gözləyir. Həll olunmayan məsələlər həllini tapmalıdır. Sərhədlərin delimitasiyası üzrə danışıqlar başlamalıdır, kommunikasiyalar açılmalıdır. Bu baxımdan da təbii ki, görüşlərin keçirilməsi lazımdır. Bəlli qüvvələr də nəzərə almalıdırlar ki, danışıqların, müzakirələrin baş tutması təbii bir prosesdir, bu başlayıb və mütləq davam edəcək.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, «İki sahil»