23 oktyabr 2021 00:45
937

Şəhidin xatirəsi əbədiləşdirilib - VİDEO

Oktyabrın 22-də Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə yüksələn Şabran rayon Ceyranlı kənd sakini Babayev Sahil Coşqun oğlunun anım günüdür. Şəhidin xatirəsini əbədiləşdirmək məqsədi ilə doğulduğu kənddə inşa edilən bulaq kompleksinin açılış mərasimi keçirildi.

"İki sahil" REAL TV-yə istinadən xəbər verir ki, mərasimdə Şabran rayon icra hakimiyyətinin nümayəndələri, döyüş yoldaşları, şəhid valideynləri və yerli sakinlər iştirak etdi. Çıxış edənlər 44 günlük Zəfər yürüşündə qazanılan Şanlı Qələbədən söhbət açdılar. Qeyd edildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmən tapdağı altında olan torpaqlarımızı azad etməklə 30 illik Vətən həsrətinə son qoydu. Döyüşlərdə qəhrəman oğullar öz canlarını sipər edərək Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmaqla, həm də qəlbləri fəth etdilər. Mərsimdə məktəblilər vətənpərvərliyə və şəhidlərə həsr olunan şerilər səsləndirdi. Sonda abidə sakinlər tərəfindən ziyarət olundu və şəhidin büstü önünə güllər düzüldü.

Qeyd edək ki, 2002-ci ildə Şabranın Ceyranlı kəndində anadan olan Sahil Babayev Vətən müharibəsi başlayan zaman hərbi xidmətdə olub. İlk gündən döyüşlərə qatılan Sahil, Tərtər və Suqovuşanın işğaldan azad edilməsində şücaətlə vuruşub. Şəhidin komandiri bu gün də onun qəhrəmanlığından danışır.

Abidə kompleksinin tikintisini yüksək qiymətləndirən şəhid valideynləri bu nümunəvi addımdan çox qürurlandıqlarını bildirdilər. Onlar hesab edir ki, bu təşəbbüs canını vətənə fəda edən qəhrəmanlara göstərilən böyük dəyərdir.

Qeyd edək ki, döyüşlərdə göstərdiyi qəhrəmanlığına görə, Prezident İlham Əliyevin Sərancamı ilə Sahil Babayev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təftif edilib.