24 oktyabr 2021 17:31
835

Özbəkistan Baş Prokurorluğu: Seçkilərdə pozuntularla bağlı şikayət daxil olmayıb

Özbəkistanda keçirilən prezident seçkilərində qanunvericiliyinin pozulması ilə bağlı Baş Prokurorluğa hər hansı şikayət daxil olmayıb.

“İki sahil” xəbər verir ki, bunu Baş prokuror Nemətulla Yuldaşev mətbuat konfransında bildirib.

N.Yuldaşev qeyd edib ki, seçkilər öncəsi ölkənin bütün şəhər və rayon prokurorluqlarında seçki hüququ üzrə ekspert qərargahları yaradılıb, onlar səsvermənin gedişatı ilə bağlı daimi monitorinqlər aparırlar. Onun sözlərinə görə, bu cür müraciət daxil olarsa, xüsusi nəzarətə götürüləcək və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

Baş prokuror bildirib ki, rəhbərlik etdiyi qurum ictimai təhlükəsizliyin təmin edilməsi və səsvermə zamanı qanun pozuntularının qarşısının alınması üçün Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Milli Qvardiya ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, bu gün Özbəkistanda prezident seçkiləri keçirilir. Yerli vaxtla saat 13:00-a artıq seçicilərin 50%-dən çoxu səs verib.

Seçkilərdə Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir: Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov, Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova, Sahibkarlar və İş adamları Hərəkatından - Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, Özbəkistanın “Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov, Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.

Seçkilərin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.