25 oktyabr 2021 17:23
921

"Erməni dezinformasiya savaşçılar ordusu"na qarşı yeni "Dəmir yumruq"... Aydın Quliyev yazır

Türkiyə - Azərbaycan birgə Media Platformasının formalaşdırılması prosesi bu günlərdə bir sıra konkret formalarda özünü bir daha  göstərdi. İstanbulda Azərbaycan nümayəndə heyətinin də fəal təmsil olunduğu iclasda bir sıra komitələr yaradıldı, gələcəyə yönəlik qərarlar verildi, birmənalı ifadə olundu ki, türk dünyasında media əməkdaşlığı real və təsirli proses kimi daim dərinləşən xarakter almalıdır. İclasda Türkiyə Prezidenti Ərfoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin  adından Hikmət Hacıyevin ortaya qoyduğu mesaj və təhlillərin hələ bundan sonra uzun müddət ümumtürk media inteqrasiyasına ideya- praktika yönümü verəcəyinə şübhə yoxdur. Ümumtürk media inteqrasiyası barədə ideya və çağırışların tarixi uzun olsa da, ən real və ümidverici proseslərin məhz indi başlana biləcəyinin əlamətlərini görürük. İstanbulda Media Platforması müzakirələrinin dünyaya mesajlarını şərti olaraq iki istiqamətdə qruplaşdırsaq çox maraqlı bir şəkil görərik.

İlk əvvəl Türk dünyasına  mesaj verildi ki, 44 günlük  Vətən müharibəsində özünün yetərli səviyyədə gücünü ortaya qoymuş Azərbaycan-Türkiyə qardaşlığının bir örnək kimi bütün Türk dünyasına nümayiş etdirmək, yaymaq çox vacibdir. Əslində bu, Türkiyə -Azərbaycan birgə Media Platformasının ən strateji hədəfi kimi müəyyənləşdi. Heç şübhə edilməməlidir ki, hazırkı Azərbaycan-Türkiyə qardaşlığı ox kimi bəzi gözlərə batsa da, onun geriyə dönüşü yoxdur və müəyyən zaman içində bütün Tütk dünyası dövlətlərinin münasibətlərini öz ağusuna alacaq. Bax, o zaman tam haqla deyə biləcəyik ki, Türkdillilərin konfederasiyasına doğru aparan  yolun  həlledici təkanverici  qüvvələrindən biri bu günkü mediamızdır. İstanbul forumunun Türk dünyasına ikinci mesajı 44 günlük müharibədə birləşdirilmiş media güclərinin  hələlik sadəcə bir  fundament olmasıdır. Yəni, deyildi ki, fundamenti 44 günlük müharibədə qoyulmuş "media qardaşlığı " hələ son deyil, bunun böyük potensialları və gələcəyi hələ qabaqdadır.

Hər iki ölkənin ideoloqları və liderləri türkdilli media birliyinin müharibədən sonra daha vacib və daha geniş mərhələyə çıxarılmasının zəruriliyini zərgər dəqiqliyi ilə müəyyən etdilər. Bunu  sadəcə ona görə demirik  ki, Ərdoğanın dediyi kimi

"Müharibədə dünyanın informasiya orqanları özlərini Ermənistanın xəbər agentlikləri kimi apardılar." Həm də ona görə ki, dünya informasiya qurumlarının özlərini ikiüzlü və "erməni agentliyi " kimi aparacaqları dövr bir daha təkrar olunmayacaq. Ən azı geosiyasəti azacıq bilənlərə aydındır ki, erməni siyasi  təcavüzü bitirilsə də, erməni informasiya təcavüzü hələ bitməyib, nə zaman bitəcəyi və ümumiyyətlə bitəcəyi də məlum deyil. Unutmayaq ki, Ermənistan və onun lobbiçiləri də hərtərəfli " şil-küt" edildikləri Qarabağ müharibəsinin bütün təcrübələrini yenidən təhlil edir, öyrənir, hazırlaşır,  xəyali revanşa işləyirlər. Ermənilər ümumən müharibəni,  o cümlədən uduzduqları informasiya savaşını da saf-çürük edirlər. Onlar tək ordularını yox, informasiya - dezinformadiya savaşlarını, hətta terror texnologiyalarını da modernləşdirməyi düşünürlər. Demək, dünya erməniçiliyinin  nə vaxtsa qarşımıza yeni "dezinformasiya savaşçıları" olaraq çıxa biləcəklərini istisna etməməliyik. İndi fundamenti qoyulan Media Platforması məhz tam və geniş formalaşma nöqtəsinə çatanda erməni "dezinformasiya savaşçıları ordusunun " başını əzəcək yeni "Dəmir yumruq " olacaq.
Türkiyə- Azərbaycan birgə Media Platforması ümumtürk dünyası media inteqrasiyasının ilkin mərhələsidir. İstanbul iclası bu mərhələnin  ideya-nəzəri yönəldicisidir. Proseslərin sonrakı mərhələləri də İlham Əliyevlə Ərdoğanın iradə və planlarına uyğun davam edə bilsə, ümumtürk media inteqrasiyası, ardınca isə hərtərəfli ümumtürk inteqrasiyası 21- ci əsrin ən fenomenal təzahürü olacaq.

İstanbul media Platformasının əsas hədəflərindən biri ikinci Qarabağ müharibəsinin yaratdığı reallıqların ideoloji- informativ müdafiəsinin qurulmasıdır. Ermənistan 2020-ci ilə qədər bizdən Qarabağı qoparmaq hədəfinə uyğun informasiya-dezinformasiya kursu aparırdı. Bunun nəticəsini gördük. İndi onlar müharibənin yaratdığı yeni reallıqların dünyada tam qəbul edilməsinin qarşısını almağı hədəfləyiblər. Yeni informasiya -dezinformaiya fəaliyyətlərində bunu deyirlər. Məqsəd gələcəkdə Qarabağ uğrunda yeni savaş açmağın siyasi əsaslarını yaratmaqdır.Təkcə bu amil Tütkiyə- Azərbaycan media platformasının nə qədər uzaq hədəflərə tuşlandığını ifadə edir.

Ermənilərin hazırda ideoloji müharibəsinin məqsədlərindən biri də Azərbaycanın Vətən müharibəsinin həqiqi xarakterini saxtalaşdırmaqdır. İstəyirlər ki, bu müharibəni guya "səhnələşdirilmiş teatr" və ya Rusiya ilə Türkiyənin Qafqazı bölüşdürmələri kimi təqdim etsinlər. Bu məkrli niyyət Tütkiyə- Azərbaycan birgə media əməkdaşlığını ən neytrallaşdırıcı, ən güclü əks-silaha  çevirməyi qaçılmaz edir.

Birgə Media Platformasının böyük perspektivini müəyyən edən başqa bir amil də var. Məlumdur ki, Türkiyə və Azərbaycan böyük sürətlə hərtətəfli inkişaf edən dövlətlər olaraq qlobal aktorlara çevrilmək perspektivlərini çəkinmədən ortaya qoyurlar. Türkiyənin nüvə dövlətinə, Təhlükəsizlik Şurasının daimi üzvünə çevriləcəyi artıq zamanın işinə çevrilib. Bəlkə Türkiyə və Azərbaycan dünyanın hansısa hissəsini siyasi-hərbi təhlükəsizlik çətirinin altına alan ayrıca geosiyasi-hərbi blok yaradacaqlar? İndidən görünür ki,  Azərbaycan da yerində saymır və qlobal aktor mövqeyinə doğru inamla gedir. Bu yollarda iki qardaş ölkənin saysız dostları ilə bərabər saysız da düşmənləri yaranacaq. Buyurun, bu da birgə Media Platforması qarşısında çox vacib olan yeni döyüş meydanının açılmasıdır. 

Türkü daha böyük gələcəyə aparan açılım...