25 oktyabr 2021 19:47
1034

Uşağınız yemək yemirsə…

Övladınıza qabındakı son tikəni bitirənə qədər masadan qalxmasına qadağa qoymağınız heç də yaxşı bir fikir deyil.  Uşaqları yeməyə məcbur etmək onlarda stress yaradır və valideynlərinə qarşı mənfi  fikir formalaşdırır. Bəs necə edək ki, uşaqlara  yeməyi sevdirə bilək?

Uşağınızın menyusuna rəngarənglik qatın

Əgər övladınız yemək mövzusunda sizi incidirsə,  yeni ləzzətləri sınaqdan keçirə bilərsiniz. Özünüz də bu işdə iştirak etsəniz, övladınız üçün yemək yeməyi əyləncəli bir hala gətirəcəksiniz. Ailəniz üçün sınanması gərəkən yeni yeməklərin siyahısını tərtib edin və bunu bir oyun halına gətirin.
Bəzən birinci dəfə bəyənilməyən bir yemək ya da yeni bir resept, ikinci sınaqda uşağa ləzzətli gələ bilər.

Digər bir unikal yol isə rədd etdiyi tərəvəzləri ya da yeməyi  sevdiyi bir yeməyin içinə qatmaqdır. Məsələn, övladınız ispanaq yemirsə, sevdiyi bir yeməyin tərkibinə az miqdarda ispanaq əlavə edə bilərsiniz. Lakin diqqətli olub, yeni əlavə olunan ədviyyatın miqdarını düzgün nizamlamaq lazımdır. Əks halda övladınızın sevdiyi yeməyi də yeməyəcək. Tərəvəzləri püre halına gətirib təqdim etmək və ya toyuq, ət yeməklərinin içinə qatmaq daha effektivdir.

Birlikdə yemək hazırlayın

Mətbəxdə övladınıza nəzarət edərək ondan hər zaman yardım ala bilərsiniz. Uşaqlar valideynlərinə kömək etdikdə və bir işi bacardıqlarını hiss etdikdə çox xoşbəxt olurlar. Nəticədə birlikdə bişirdiyiniz yeməyi sizdən daha çox və həvəslə yemək istəyəcək.

Uşaqlar ət yemirsə nə etməli?

Ət uşaqların inkişafı üçün olduqca əhəmiyyətlidir. Bəzi uşaqlar əti sərt və ya qoxulu olduğu üçün sevmirlər və yeməkdən imtina edirlər.

Əti sərtliyinə görə yeməkdə çətinlik çəkirsə, küftə halında təqdim edə bilərsiniz. Qoxusundan narahat olduğunu söyləyirsə, xoş qoxulu ədviyyatlarla bişirə bilər və ya quzu ətinə görə bir az daha yüngül qoxulu dana ətini seçə bilərsiniz.  Həmçinin makaronu sevən uşaqların qabına  az miqdarda əti qiymə halında təklif edə bilərsiniz.

Samirə Tağıyeva, ”İki sahil”