25 oktyabr 2021 19:54
901

Xorvatiyada avroya keçidlə bağlı referendum ola bilər

Xorvatiyanın konservativ və avroskeptik partiyası “Hrvatski Suverenisti” avronun ölkənin pul vahidi kimi qəbul edilib edilməməsi ilə bağlı referendum keçirmək üçün iki həftəlik imzatoplama kampaniyasına başlayıb.

151 yerlik parlamentdə 4 deputatı olan partiya və onun müttəfiqləri seçicilərin 10 faizindən, yəni təxminən 370 min nəfərdən imza toplamalıdırlar. Baş nazir Andrey Plenkoviçin rəhbərlik etdiyi sağ mərkəzçi hökumət 2023-cü ilin əvvəlindən avronun qəbul edilməsinə təkan verməyə çalışır və 2022-ci ilin birinci yarısında avro zonasından yaşıl işıq alacağına ümid edir. Plenkoviç deyir ki, avronun qəbulu valyuta riskini aradan qaldıracaq, faiz dərəcələrini aşağı salacaq, ölkənin kredit reytinqini yaxşılaşdıracaq və turizmin üstünlük təşkil etdiyi iqtisadiyyata daha çox investisiya üçün yol açacaq.

Avroskeptiklər iqtisadiyyatın avronu qəbul etməyə hazır olmaq üçün çox zəif və rəqabətsiz olduğunu və bunun qiymətlərin yüksəlməsinə səbəb olacağını iddia edirlər. İyul ayında dərc edilmiş sorğuya əsasən, seçicilərin 60 faizindən çoxu Aİ-nin 27 üzvündən 19-nun istifadə etdiyi vahid valyutanın qəbul edilməsinin tərəfdarıdır. Hökumət referendumun lüzumsuz olduğunu deyir və bildirir ki, xorvatlar təxminən on il əvvəl Aİ-yə üzv olmaq üçün referendumda səs verərkən ortaq valyutanı artıq qəbul ediblər. İlk addım olaraq, təşəbbüsün təşkilatçıları yalnız birbaşa vətəndaşların səsverməsi yolu ilə kunanı (rəsmi valyutanı) əvəz edəcək konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirmək istəyirlər. Təşəbbüsün əsas təşkilatçılarından biri Marian Pavliçek deyib: “Bizim fikrimizcə, belə mühüm məsələ ilə bağlı qərarı hər hansı baş nazir və ya hökumət deyil, vətəndaşlar qəbul etməlidir.

Qeyd edək ki, noyabrın 7-dək kifayət qədər imza toplanarsa, Konstitusiya Məhkəməsi referendum təşəbbüsünün hüquqi əsasının olması ilə bağlı qərar verməli ola bilər.