23 may 2019 10:31
399

26 qəsəbə, kənd və yeni yaşayış massivində qazlaşdırmaya start verilib

Bü gün Azərbaycanın bütün bölgələrində böyük abadlıq-quruculuq işləri gedir. İnsanlarımızın sosial-məişət problemlərinin həlli də məhz bu dəyərli işlərin nəticəsində sürətlənir. İndi ölkə vətəndaşı Avropa həyat tərzini yaşamaq iddiasındadır. Davamlı təbii qazı, elektrik enerjisi olan, müasir standartlara uyğun magistral yolları, geniş infrastrukturu qurulan rayonlarda  insanların yeni iş yerləri ilə təmin olunması da sosial rifahı yüksəldən önəmli  amillərdir. Xüsusən, son bir neçə ildə müasir infrastrukturların yaradılması, paytaxtın və eləcə də regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən 20-dən çox Dövlət proqramları imzalanıb. Onların bir çoxu artıq uğurla icra olunub və yüksək nəticələr əldə edilib. Belə sahələrdən  biri də ölkənin müasir üslubda qazlaşdırılmasıdır. Məhz bu istiqamətdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən əvvəlki illərdə başlanılmış layihələr 2019-cu ilin yanvar-aprel aylarında da davam  etdirilib.

Ölkənin qazlaşdırılmasında əsas məqam isə odur ki, cəbhə xəttində, təcavüzkar Ermənistanla sərhəd kəndlərində yaşayan vətəndaşlarımızın təbii qazla təchizatı 2019-cu ildə də davam edib. Bu bir gerçəklikdir ki, sosial-məişət firavanlığı yüksək olan insanlarımız həm cəbhə xəttində, həm də sərhəd zonasında daha çox elinə-obasına bağlı olurlar. Ordumuzla çiyin-çiyinə verən həmin sakinlər torpaqlarımızın müdafiəsində, iqtisadiyyatımızın inkişafında mühüm rol oynayırlar. Bu amil təbii ki, sakinlərin düşmən qarşısında daha inamlı olmasını təmin edir. Xüsusi vurğulamaq lazımdır ki, məhz cəbhə xəttindəki və sərhəd zonasındakı yaşayış sahələrinin qazlaşdırılması ölkə başçısının imzaladığı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq uğurla icra olunub. Eyni zamanda, məhz Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində Prezident İlham Əliyev 2018-ci ilin sonuna qədər ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılmasına dair tapşırıqlar vermişdi. Cənab Prezident xüsusilə vurğulamışdı ki, bu göstəriciyə görə ölkəmiz dünya miqyasında qabaqcıl yerdədir, relyefimizi nəzərə alsaq bir daha görərik ki, bu nə qədər mürəkkəb işdir.

Ölkənin rayonlarında, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidən qurulması məqsədi ilə 2019-cu ilin yanvar-aprel ayları ərzində 281,9 kilometr  müxtəlif diametrli yeni qaz kəmərləri çəkilmiş, 185,7 kilometr qaz kəmərləri əsaslı təmir edilmiş, regionlar üzrə 26 qəsəbə kənd və yeni salınmış yaşayış massivində qazlaşdırma işlərinə başlanılmışdır. Gədəbəy, Lerik, Ağsu və Şamaxı rayonları üzrə isə ümumilikdə 15 yaşayış məntəqəsində qazlaşdırma işləri yekunlaşdırılıb, yaxın günlərdə təbii qazın verilməsi təmin olunacaq.

İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2019-cu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İB-də əhali sektoru üzrə 38 062 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da  18 262-si Bakı, Abşeron və Sumqayıt, 19 800-ü isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 222 316-a çatmışdır. Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır. Bununla yanaşı, istehlakçıların dayanıqlı qaz təchizatının təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və “Qaz təsərrüfatında texniki istismar qaydaları”nın tələblərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə KİV-lərdə mütəxəssislərin iştirakı ilə çıxışlar edilir və bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti strukturlara müvafiq tapşırıqlar verilmişdir.

Cari ilin dörd ayı ərzində Birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 118 çoxmərtəbəli bina üzrə təbii qazın açılması təmin olunmuşdur. Bu isə ümumilikdə 6262 mənzili əhatə edir. Ümumiyyətlə, “Azəriqaz” İB qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır. Eyni zamanda, Birliyin “Çağrı mərkəzi” olan “104 qaz qəza” və “185 qaynar xətt” xidmətləri tərəfindən qeydə alınmış, müxtəlif xarakterli çağırışlar aidiyyatı üzrə elektron qaydada sahələrə ötürülərək icrasına müvafiq qaydada nəzarət edilir. Bu da icra olunan işlərin səmərəli təşkilinə xidmət edir.

2019-cu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz”  tərəfindən  ölkə ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclarla təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin etmişdir. Cari ilin dörd ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN kommunal”, 4 və 5 saylı “ASAN xidmət”  mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Masallı, Quba, Qəbələ, Şəki, Mingəçevir, Sabirabad, İmişli rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 112 min 446 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilmişdir.

Elçin Zaman, “İki sahil”