02 noyabr 2021 18:22
906

Daşkəsəndə Vətən Müharibəsi şəhidlərinin anım mərasimi keçirilib FOTO

Noyabrın 2-də Daşkəsən rayonundakı Şəhidlər xiyabanında daşkəsənli Vətən müharibəsi şəhidləri əsgər Orxan Raqif oğlu Şıxıyevin və əsgər Muraz İlham oğlu Cabbarovun anım mərasimi keçirilib.

Keçirilən anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi komissar, şəhid anaları, qazilər, ziyalılar və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin məzarı üzərinə gül dəstələri qoyulub, dualar oxunub, onların döyüş yolundan söhbət edilib, xatirələri anılıb.

Qeyd edək ki, Orxan Raqif oğlu Şıxıyev 29 sentyabr 1989-cu ildə Daşkəsən rayonunun Dəstəfur kəndinə anadan olub. O, ötən il noyabrın 2-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Orxan Şıxıyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Muraz İlham oğlu Cabbarov 7 mart 2000-ci ildə Daşkəsən rayonun Zağalı kəndində anadan olub. M.Cabbarov Kəlbəcərin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzuli döyüşləri zamanı şəhid olub, 2 noyabr 2020-ci il tarixində Daşkəsən rayonunun Şəhidlər xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, M.Cabbarov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", “Füzulinin azad olunamsına görə”  və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev mərasimdəki çıxışında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərdiyini qeyd edib. Ə.Abıyev daşkəsənlilər adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Allah şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun.  

Cavid Əkbərov, “İki sahil”