24 noyabr 2021 19:31
1273

Niyə ATƏT, BMT Ermənistandan soruşmur ki, 97 min minanı Ağdamda hansı haqla basdırmısan?

İşğalçı ölkə minaların xəritələrini təqdim etməkdən boyun qaçırmaqla  həyasızcasına faşist ideologiyasına “sədaqətini”nümayiş etdirir

Uzun illər  işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər Vətən müharibəsində məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdirirlər. Hərb potensialı məhv edilmiş, döyüş ruhu tam şəkildə qırılmış məğlub Ermənistanın müharibə sonrası əlində qalan yeganə silahı və mümkün təzyiq vasitəsi minalanmış ərazilərin xəritəsi olub. Minaların basdırılması və bundan siyasi şantaj predmeti kimi istifadə edilməsi  düşmənin terrorizm siyasətinin növbəti təzahürü və erməni vandalizminin yeni formasıdır.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə 2020-ci il noyabrın 10-dan cari il noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb. Həmçinin işğaldan azad edilən torpaqlarımızda indiyədək ümumilikdə 10 455 piyada əleyhinə, 4640 tank əleyhinə mina, 12 637 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.  Bu müddətdə ümumilikdə 62 855 782 kv.m (6286 ha) ərazi isə mina və PHS-lərdən təmizlənib.

İşğaldan azad olunmuş ərazilərimizdə hətta elə yerlər var ki, 1 kvadrat metrdə piyada əleyhinə 10 mina basdırılıb və bunlar birbaşa Ermənistanda istehsal olunan minalardır.

Kapitulyasiya aktının imzalanmasından sonra Ağdam, sonra isə Zəngilan və Füzuli istiqamətlərində ümumilikdə 200 minə yaxın minanın əhatələndiyi xəritələrin alınması Ermənistanın xoş niyyəti yox, Azərbaycan tərəfindən vadar edilməsidir. 3 istiqamətdə 200 minədək minanı əhatələyən xəritələrin verilməsi həm də onu göstərdi ki, artıq rəsmi İrəvan onlarda minalanmış ərazilərin xəritələrinin olmadığı kimi absurd “iddia” irəli sürə bilməyəcək.

Təcavüzkar dövlət  minalanmış ərazilərin xəritəsini təqdim etməməklə "Müharibə qurbanlarının müdafiəsi haqqında" Cenevrə konvensiyalarının, "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini, "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarını pozur. Belə ki, sözügedən konvensiyalara əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. 

Ermənistan mina xəritələrini təqdim etməməklə həm insanların həyatını bilərəkdən riskə atır, həm də işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı bərpa işlərinə, yenidənqurmaya və humanitar səylərə, həmçinin məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəraitdə qayıtmalarına mane olmağa çalışır. Mina xəritələrinin əldə edilməsi işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan Prezidenti tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrinin həyata keçirilməsini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

Bir ildən artıq müddətdə Ermənistanın minalanmış sahələr barədə məlumatı təqdim etməkdən imtinasının daha hansı pərdəarxası məqamları var?

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, terrorçu dövlət olan Ermənistan beynəlxalq hüquqa əməl etməyərək ən ağır cinayətləri törədib: “Düşmən işğal etdiyi əraziləri darmadağın edib, bir dənə yaşayış binası salamat qalmayıb, ekoloji terror törədilib, tarixi, dini, mədəni abidələr təhqir olunub, bütün bunlarla doymayan azğın ermənilər həmin ərazilərə minalar da  basdırıblar. Sovet  dövründə  ən böyük mina zavodlarından biri Ermənistanda olub. Bu mina zavodu da sonradan Ermənistana qalıb. Qarşı tərəf burada saysız-hesabsız minalar istehsal edib Qarabağ ərazisində basdırıblar.  Təsəvvür edin ki, Ağdam rayonunda 97 min ədəd, Füzuli, Zəngilanda 92 min ədəd  mina basdırılıb. Kimə qarşıdır bu cinayətlər? Təbii ki, mülki əhaliyə. Ermənistan minaları yerləşdirməklə mülki əhalinin öz yurduna qayıtmaması, qayıdanda da  minalara düşməsi məqsədi güdür. Və üstəgəl həm də ona çalışır ki, həmin ərazilərin minalardan təmizlənməsi xeyli zaman aparsın. Sual olunur ki, bəs beynəlxalq hüquq hara baxır? Niyə ATƏT, BMT  Ermənistana sanksiya tətbiq etmirlər ki,  97 min  minanı Ağdam ərazisində hansı səbəb və haqla basdırmısan, işğal törətmisən, Azərbaycana bu qədər ziyan vurmusan, şəhərləri, qəbiristanlıqları, məscidləri dağıtmısan?”.

E.Həsənli vurğuladı ki, Ermənistan həm işğal etdiyi əraziləri dağıtdığına, törətdiyi bütün hərbi cinayətlərə, vandalizm əməllərinə, terrorlara, soyqırımlarına eyni zamanda, mina qurbanlarına görə Azərbaycana təzminat ödəməlidir.

Minalar torpağa basdırılan zaman sənədləşir və üç nüsxədən ibarət xəritə hazırlanır

Hərbi ekspert ermənilərin “mina xəritələri yoxdur”  yalanına da aydınlıq gətirdi: “Minalar torpağa basdırılan zaman sənədləşir. Mina yeganə sahədir ki, hərbidə bununla ancaq peşəkarlar məşğul olurlar. Amma mina ilə birbaşa mütəxəssislər işləyə bilərlər. Minanı anbarından ancaq xüsusi hərbi hissə komandirinin icazəsi ilə götürmək olar. Götürüldükdən sonra akt tərtib edilir, daha sonra peşəkarlar tərəfindən basdırılır və xəritəsi tərtib edilir.  Xəritə olmazsa, onu basdıranların öz hərbçiləri minaya düşə bilərlər.  Akt və xəritə üç nüsxədən ibarət təqdim olunur. Bir qismi hərbi hissənin qərargahında qalır, ikinci hissə korpusun, birləşmənin qərargahında qalır, üçüncü hissə Müdafiə Nazirliyinin Baş Qərargahında saxlanılır.”

Həmsöhbətimiz əlavə etdi ki, hazırda Qarabağda sülhə və təhlükəsizliyə təminat rus sülhməramlıları üzərindədir. Onlar təzyiq etməlidirlər ki, Ermənistan xəritəni versin: “Azərbaycan öz öhdəliyini yerinə yetirir. Amma düşmən tərəf nə mina xəritələrini verir, nə də atəşkəsə tam əməl edir.”

Ermənistanın mina xəritələrini təqdim etməməsinin səbəbi azərbaycanlılara qarşı düşmənçilik və faşist siyasətidir

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli isə açıqlamasında qeyd etdi ki, mina terroru deyilən ifadə  uzun illərdir dünyada baş verən postmüharibə dövrünün ən bəlalı  məsələlərindən biridir: “Azərbaycan da bununla qarşı-qarşıya  gələcəyini bilirdi. Çünki Ermənistan tərəfi təkcə ərazilərin infrastrukturunu darmadağın etməyib, həm də mülki insanların yaşayışının təmin olunması üçün zəruri olan əhəmiyyətli əraziləri də minalayıb.”

R. Məmmədlinin sözlərinə görə, bu gün işğaldan azad edilən ərazilərimizin minalardan  təmizlənməsi prosesi iki istiqamətdə aparılır: “İlk  istiqamət hərbi təyinatlı mina təmizləmə işləridir. Mühəndis-istehkam bölmələri, yəni, Dövlət Sərhəd  Xidmətinin və Müdafiə Nazirliyinin bölmələri bu işi icra edirlər. Onlar əsasən hərbi təyinatlı yolların, ərazilərin təmizlənməsi işini həyata keçirirlər. Digər ən problemli sahə isə humanitar təyinatlı mina təmizləmə işləridir ki, bunun da icrasını əlbəttə ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) həyata keçirir. Bu, ən ağrılı istiqamətdir. Çünki humanitar təmizləmə işində hər ağacın, kolun, yaşayış məntəqəsinin, evin hər yeri, tam təmizlənməlidir. Təbii ki, bu da uzun müddət vaxt aparan məsələdir.”

Həmsədrlər mina qurbanlarının sayının artması ilə bağlı çalınan həyəcan təbilinə cavab versinlər

Müsahibimiz əlavə etdi ki, Ermənistanın mina xəritələrini təqdim etməməsinin səbəbi düşmənin azərbaycanlılara qarşı faşist siyasətini, terrorizmini davam etdirməsidir: “Düşmən bundan da dividendlər qazanmağa çalışır. Azərbaycan xalqına olan düşmənçiliyinin dərəcəsi bizə onu deməyə əsas verir ki, ermənilər mina xəritələrini ya verməyəcəklər, ya da  versələr də xəritələrin dəqiqlik faizi çox aşağı olacaq. Necə ki, bundan əvvəl təqdim etdikləri mina xəritələrinin cəmi 25 faizi doğru çıxmışdı.”

Həmsöhbətimiz bildirdi ki, beynəlxalq birliyin bu məsələdə susqunluğu çoxlu sayda günahsız insanların minaların qurbanı olmasına səbəb ola bilər. Ona görə də dünya birliyi Ermənistanı məcbur etməlidir ki, minalanmış ərazilərin xəritələrini təqdim etsin. Dünyanın güc dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, amma 28 ildə fəaliyyətsizlikləri ilə diqqət çəkən ATƏT-in Minsk qrupunun həmsədrləri mina qurbanlarının sayının artması ilə bağlı çalınan həyəcan təbilinə cavab vermək barədə düşünsünlər.

 Yaqut Ağaşahqızı, “İki sahil”