25 noyabr 2021 15:01
346

Masallıda şəhid əsgər Məmmədağa Bağırovun il mərasimi keçirilib - FOTO

Masallı rayonunun Xoşçobanlı kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Məmmədağa Həsənağa oğlu Bağırovun il mərasimi keçirilib.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı rayon təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və başqaları iştirak ediblər.

Mərasimdə Azərbaycan və Türkiyə dövlətinin bayrağı, Masallıdan olan Vətən şəhidlərinin portretləri asılıb.
RİH başçısı Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhid əsgər Məmmədağa Həsənağa oğlu və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq bildirib ki,  Məmmədağa kimi oğullar bizə əyilən vüqarımızı qaytarıblar: “Məmmədağa, təkcə Həsənağanın yox, hamının övladıdır. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Allah Məmmədağa balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.”

Ş.Məmmədov deyib ki, gözəl-göyçək, nur üzlü Məmmədağalar bizə cəsarət nümayiş etdirdilər: “Onlar qısa ömür sürdülər, amma şərəflə yaşadılar. Qürurumuzu qaytardılar. Vətən müharibəsində bizə dəstək olan dövlətlər olub. Allah həmin dövlətlərin bayrağını ucadan-uca eləsin. Dünya o qədər də ədalətli deyil. Qələbəmizi qəbul etməyən ölkələr də var. Buna cavab olaraq Azərbaycan Prezidenti, möhtərəm Ali Baş Komandan İlham Əliyev keçən ayın, oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən dediyi: «Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz. Bu gün Suqovuşanda və Talış kəndində olarkən bir daha xalqımızın, Silahlı Qüvvələrimizin qəhrəmanlığını görürəm. Buraya gələn hər kəs bunu görür və görəcək. Çünki bu yerləri işğaldan azad etmək, ölümə getmək, bax, xalqımızın böyüklüyünü göstərir.”

Bildirək ki, şəhid əsgər Məmmədağa Həsənağa oğlu Bağırov 2 dekabr 1997-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində dünyaya göz açıb. 2015-ci ildə şəhid Rasim Əliyev adına Mollahəsənli kənd tam orta məktəbini bitirib. Sonra çağırışçı kimi 2016-cı ilin yanvar ayında Masallı rayon hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində başa çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Məmmədağa Bağırov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Məmmədağa Həsənağa oğlu Bağırov ölümündən sonra «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə» və «Füzulunun azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.

Şəhid Məmmədağa Həsənağa oğlu Bağırovun ailəsi, kənd camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildiriblər.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, xalqımıza dualar ediblər.

Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid əsgər Məmmədağa Həsənağa oğlu Bağırovun məzarını ziyarət ediblər.

Əlihüseyn Şükürov,

Masallı rayon sakini