26 noyabr 2021 16:41
827

Böyük Britaniyada avtomobil istehsalı 65 illik minimuma düşüb

Bu ilin oktyabr ayında Böyük Britaniyada 64 729 avtomobil istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,4% azdır. 

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Avtomobil İstehsalçıları və Ticarətçiləri Cəmiyyəti (SMMT) məlumat yayıb. 

Məlumata görə, bununla da ölkədə avtomobil istehsalı 1956-cı ildən bəri minimum həddə düşüb. Azalma çip qıtlığı ilə bağlıdır. 

Bu ilin 10 ayında isə Böyük Britaniyada 721 505 ədəd avtomobil istehsal edilib. Bu isə 1 il əvvələ nisbətən 2,9% azdır. O cümlədən daxili bazar üçün azalma 10,4%, xarici bazar üçün azalma isə 1,2% təşkil edib. 

Müstəqil ekspertlərə görə, Böyük Britaniyada istehsal olunan avtomobillərin sayı ötən il olduğu kimi bu il də 1 milyon ədədə çatmaya bilər. Gələn il isə ölkədə azı 1 milyon, 2024-cü ildə isə 1,2 milyon avtomobil istehsal olunacağı ehtimal edilir.