26 noyabr 2021 23:17
1418

Prezident İlham Əliyevin Laçına hər səfəri tarixi hadisədir

Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan, qətiyyətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək peşəkarlığı sayəsində Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi qısa müddətdə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi, Qarabağ işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, işğalçı ölkə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Beləliklə, Azərbaycan  2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini  hərbi-siyasi yolla 44 günə bitirdi. 

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan daha bir gündə-2020-ci il dekabrın 1-də Laçın rayonu işğaldan azad olundu. Bu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamı idi.  Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır”.

Dağlar diyarı Laçın 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Respublikamızın füsunkar guşələrindən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını yaradır ki, bu çay da Araz çayına qovuşur.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan  bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərdə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti- abadlıq, yenidənqurma işləri geniş vüsət alıb. 2021- cil avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri bir daha göstərdi ki, bütün azad edilmiş torpaqlarımız ən qısa zamanda əvvəlki şöhrətini bərpa edəcək. Ölkəmizin başçısı Laçın rayonuna səfəri zamanı işğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin cinayətlərinə və ekoloji cinayətlərə də diqqət çəkərək bu cinayətləri törədənlərin məhkəmə qarşısında cavab verəcəklərini bəyan etdi.

Hazırda Laçın rayonunda mühüm infrastruktur layihələri reallaşdırılır. Artıq  generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Bəli, Prezidentimizin rəhbərliyi ilə Qarabağımızın qala qapısı sayılan dağlar diyarı Laçın qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında həyat yenidən canlanacaq, laçınlılar tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar. Dosta güvən, düşmənə göz dağı olan Laçın, azadlığın qədim-qayım olsun!..

Zahid Rza, “İki sahil”