26 noyabr 2021 19:17
620

131 hərbi qulluqçunun Bakıda mənzillə təmin olunması barədə qərar qəbul edildi

Noyabrın 26-da Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.

“İki sahil” xəbər verir ki,  Maliyyə Nazirliyindən verilən məlumata görə, iclası giriş sözü ilə açan komissiyanın sədri, maliyyə naziri Samir Şərifov komissiyanın bu günədək olan fəaliyyəti barədə yeni tərkibi məlumatlandırıb, əsas məqsəd və hədəflərdən bəhs edib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb və sözügedən Fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.

İclasda komissiya üzvləri hazırda mənzil növbəsində olan hərbi qulluqçulardan 131-nin Bakı şəhərində tam təmirli mənzillərlə təmin olunması barədə qərar qəbul edib.