28 noyabr 2021 02:20
699

Mövləvi Əbdül Kəbir: Türkiyənin Əfqanıstana daha çox sərmayə qoymasını istəyirik

"Əfqanıstanın Türkiyə başda olmaqla bütün ölkələrin dəstəyinə və əməkdaşlığına ehtiyacı var və biz Türkiyənin Əfqanıstana daha çox sərmayə qoymasını istəyirik".

“İki sahil” xəbər verir ki, bunu Əfaqnıstan baş nazirinin müavini Mövləvi Əbdül Kəbir Türkiyənin səfiri Cihad Arginlə görüşdə deyib.

2022-ci ildə qızlar üçün məktəblər açılacağını vəd edən Kəbir əlavə edib ki, qadınlar ölkədə pasport idarəsi, hava limanı və səhiyyə sektoru kimi müxtəlif sahələrdə, eləcə də əksər əyalətlərdəki məktəblərdə çalışırlar.

Baş nazirin müavini Türkiyənin qeyri-hökumət təşkilatı olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Əfqanıstandakı fəaliyyətini yüksək qiymətləndirib.

Öz növbəsində Türkiyə səfiri ölkəsinin “Qızıl Aypara” vasitəsilə əfqan qaçqın və məcburi köçkünlərə yardım etdiyini və yardımın hələ də davam etdiyini bildirib.

Bundan əlavə, səfir türk sərmayəçilərinin Əfqanıstana investisiya yatırmaqda maraqlı olduğunu və onların bir qisminin gələn həftə ölkəyə səfər edəcəyini bildirib.