28 noyabr 2021 09:45
930

Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər keçirilir

Noyabrın 28-də Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər keçirilir. Seçki məntəqələri səhər saat 08.00-da açılıb, 20.00-də bağlanacaq.

“İki sahil” xəbər verir ki, seçkilərə Qırğızıstanda fəaliyyət göstərən partiyaların 21-i və 287 müstəqil namizəd qatılıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 3 milyon 703 min 420 vətəndaşın adı salınıb.

Yeni qanunvericiliyə görə indiki parlament 90 deputatdan ibarət olacaq. Bunun 54-ü partiya siyahıları üzrə, 36-sı müstəqil deputat kimi fəaliyyət göstərəcək.

Qırğızıstan Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Bişkekin mərkəzindəki 1053 nömrəli seçki məntəqəsində səs veriblər.

Seçkilərə 730 xarici müşahidəçi qatılıb. Azərbaycan Milli Məclisinin deputatı Hikmət Məmmədov TÜRKPA-nın, İltizam Yusifov isə MDB missiyasının tərkibində seçkiləri izləyirlər.

Qeyd edək ki, Qırğızıstan parlamentinin deputatları 5 il müddətinə seçilir.