30 noyabr 2021 19:49
502

Gənclər və idman naziri AzTU-da tələbələrlə görüşüb FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Texniki Universitetində (AzTU) olub. Nazir əvvəlcə AzTU-nun İdman klubunda yaradılan şəraitlə tanış olub. AzTU-nun rektoru Vilayət Vəliyev universitetin idman infrastrukturu barədə ətraflı məlumat verib.

“İki sahil” xəbər verir ki,  nazir ilk olaraq AzTU-nun şahmat klubu ilə tanış olub, tələbələrin şahmat oyununu izləyib. Voleybol yarışını izlədikdən sonra nazir İdman klubunun böyük zalı ilə tanış olub. Burada tələbələrin müxtəlif idman növləri üzrə bacarıqları nümayiş olunub. Qeyd olunub ki, AzTU tələbələri arasında müxtəlif idman növləri üzrə Avropa və dünya çempionları var. Universitetin futzal komandası artıq bir neçə dəfə respublika birincisi olub. İdmançı tələbələrlə söhbət edən Fərid Qayıbov onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

İdman klubunun fəaliyyəti ilə tanışlıqdan sonra gənclər və idman nazirinin tələbələrlə görüşü keçirilib.

Əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub.

“İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə rektor Vilayət Vəliyev Fərid Qayıbovu gənclər və idman naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və tələbələrlə görüşə vaxt ayırdığı üçün təşəkkürünü bildirib.

Qeyd edib ki, Fərid Qayıbovun Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri arasında ilk görüşünün məhz AzTU-da keçirilməsi qürurvericidir. Rektor universitetdə gənclərlə işin təşkili barədə ətraflı məlumat verib.

AzTU-da olmaqdan məmnunluğunu bildirən gənclər və idman naziri Fərid Qayıbov universitetin tədris binalarında, eləcə də İdman klubunda yaradılan şəraiti yüksək qiymətləndirib. Nazir Azərbaycanda gənclər siyasəti və nazirliyin bununla bağlı qarşıya qoyduğu hədəflərdən danışıb.

Çıxışlardan sonra Fərid Qayıbov tələbələri maraqlandıran sualları cavablandırıb, onların təkliflərini dinləyib.

Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov AzTU-nun “İdarəçi rəhbərlərlə tanışlıq” layihəsinin ilk qonağı olub. Layihə çərçivəsində tələbələrin müxtəlif qurumların rəhbərləri ilə görüşlərinin təşkili nəzərdə tutulub.