01 dekabr 2021 17:48
458

YAP “Yedinaya Rossiya” Partiyasının 20 illik yubileyinə həsr olunan videokonfransda təmsil olunub FOTO

Dekabrın 1-də Rusiyanın “Yedinaya Rossiya” Partiyasının 20 illik yubileyinə həsr olunan “XXI əsrin qlobal çağırışları: partiyalararası ölçü” mövzusunda videokonfrans keçirilib.

“İki sahil” xəbər verir ki,  Asiya, Avropa, Afrika və Latın Amerikası ölkələrinin aparıcı siyasi partiyalarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov çıxış edib.

Əli Əhmədov əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yubiley münasibətilə “Yedinaya Rossiya” Partiyasının sədri, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədrinin  müavini Dmitri Medvedyevə ünvanladığı təbrik məktubunu səsləndirib.

Videokonfransda çıxış edən Ə.Əhmədov qlobal təhlükələrə qarşı mübarizənin ən səmərəli yolunun beynəlxalq əməkdaşlıq çərçivəsində olduğunu qeyd edib. Onun sözlərinə görə, XXI əsrin qlobal çağırışlarına münasibətdə partiyalararası dialoq zəruri konsensusa və beynəlxalq əməkdaşlığa nail olmaq üçün yaxşı vasitə ola bilər.

COVİD-19 pandemiyası ilə mübarizə sahəsində Azərbaycanda yetkin əhalinin 80 faizinin peyvənd olunduğunu nəzərə çatdıran Ə.Əhmədov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa, yenidənqurma və regionda daimi sülhün təmin olunması istiqamətində görülən işlərdən geniş bəhs edib.

Qeyd edək ki, videokonfransa YAP Mərkəzi Aparatının 20 nəfər əməkdaşı qoşulub.