01 dekabr 2021 20:18
436

Türkiyə Qarabağda seysmik stansiyalar quraşdırılmasına dəstək göstərəcək- İsmayıl Palakoğlu

“Biz bilirik ki, azərbaycanlı qardaşlarımızın böyük və uğurlu işləri var. Biz də öz tərəfimizdən istər seysmik stansiya məlumatlarının ötürülməsi, istər təcrübə mübadiləsinin aparılması, istərsə də seysmik stansiyaların quraşdırılması sahəsində Azərbaycan tərəfinə hər cür dəstək verməyə hazırıq”.

“İki sahil” xəbər verir ki,  bunu bu gün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində keçirilən görüşdə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) başqan yardımçısı İsmayıl Palakoğlu deyib.

AFAD rəsmisi qeyd edib ki, Türkiyə tərəfi Azərbaycana Qarabağda quraşdırılacaq seysmik stansiyalarla bağlı dəstək göstərmək niyyətindədir.

Bundan başqa AFAD-ın başqan yardımçısı türkdilli dövlətlərin və region ölkələrinin seysmik mərkəzlərinin birgə təşkilatının yaradılmasını nəzərdə tutulduğunu qeyd edib.

Onun sözlərinə görə, həmin təşkilat çərçivəsində əməkdaşlıq və birgə tədqiqatların aparılması regionun seysmik vəziyyəti ilə bağlı daha yaxşı nəticələrin əldə olunmasına səbəb ola bilər.