03 dekabr 2021 00:13
698

Ötən ay valyuta satışı artıb: Narahatlığa əsas varmı?

Azərbaycan Respublikası Dövlət Neft Fondu cari ilin yanvar-noyabr aylarında keçirilmiş hərraclarda satdığı xarici valyutanın məbləğini açıqlayıb. Məlum olub ki, Fond bu müddətdə 5 milyard 699,2 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib ki, bunun da 15 faizi və ya 853,6 milyon dolları noyabr ayının payına düşüb. Ötən ilin müvafiq dövrləri ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında valyuta satışında 14,5 faiz azalma olsa da, noyabr ayında bu göstərici 72,3 faiz çox olub. Noyabr ayında qeydə alınmış göstərici oktyabrla müqayisədə isə 58,1 faiz çoxdur.

Bir çoxları bunu ölkədə xarici valyutaya tələbatın artması ilə izah edirlər. Hesab edilir ki, əhalinin nağd valyuta alışını artırması bankların hərraclarda daha çox vəsait sifariş etmələrinə səbəb olur. Bəs bu iddialar nə dərəcədə doğrudur və Neft Fondunun xarici valyuta satışındakı artım narahatlığa əsas verirmi?

Hələ cari ilin 9 ayında dövlət büdcəsinin icrası ilə bağlı Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulmuş transfertdən 7 milyard 309,7 milyon manat  və ya proqnoza nisbətdə 1 milyard 840,3 milyon manat (20,1 faiz) az vəsait daxil olub. Bu da o deməkdir ki, Fond təkcə cari il üçün büdcə qarşısında öhdəliyinə əməl etmək üçün IV rübdə hərraclarda  plandan əlavə daha 1 milyard 82 milyon  dollar valyuta satışı həyata keçirməlidir. Dövlət Neft Fondundan dövlət büdcəsinə cari ildə 12 milyard 200 milyon manat transfertin ediləcəyinin proqnozlaşdırıldığını nəzərə alanda, IV rüb üzrə bu göstərici 4 milyard 890 milyon manat təşkil edir. Bu isə ondan xəbər verir ki, Fond təkcə büdcə öhdəliyini yerinə yetirmək üçün  sonuncu rübdə hərraclarda ümumilikdə 2 milyard 877 milyon dollar vəsait satmalıdır. IV rübün arxada qalan 2 ayında isə 1 milyard 393,8 milyon dollar satılıb ki, bu da rüblük göstəricinin 48,3 faizinə bərabərdir. Başqa sözlə, Fond cari ildəki büdcə öhdəliyini tam icra etmək üçün dekabr ayında banklara 1 milyard 483,2 milyon dollar satmalıdır. 

İlin sonuna doğru bir qayda olaraq xarici valyutaya tələb artsa da,  Neft Fondunun dekabr ayında 1,5 milyard dollar məbləğində xarici valyuta satacağı real görünmür. Lakin bu amilin dövlət büdcəsinin icrasına əngəl törətməyəcək. Söhbət ondan gedir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və   Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə mədaxil proqnozunun artıqlaması ilə yerinə yetirmələri Neft Fonduna büdcəyə transfert öhdəliyini tam icra etməməyə imkan verə bilər. 

Görünəni odur ki, banklara xarici valyuta satışındakı aylıq və illik müqayisədəki artımla bağlı narahatlığın əsası yoxdur. Real vəziyyət ondan ibarətdir ki, Fondun hərraclarda satdığı valyutanın həcmi nəinki artmayıb, əksinə, satışın az olması səbəbindən qurum büdcə öhdəliyini kəsirlə yerinə yetirməkdədir.

Digər tərəfdən bankların valyuta satışında əhaliyə satışın payı elə böyük olmadığından bu amilin ümumi tələbata təsiri elə də böyük deyil. Belə ki, təkcə oktyabr ayında banklar əhaliyə 159,26 milyon dollar vəsait satılıb ki, bu da Fondun həmin ay ərzində satdığı xarici valyutanın 29,5 faizini təşkil edib. Ümumilikdə isə banklar tərəfindən cari ilin yanvar-oktyabr aylarında 1 milyard 357 milyon 198,2 min ABŞ dollar nağd valyuta əməliyyatı həyata keçirib ki, bu da Fondun bu müddət ərzində satdığı valyutanın 23,8 faizinə bərabərdir.

Ceyhun Piriyev, “İki sahil”