03 dekabr 2021 02:15
475

Paşinyan ya edəcək, ya gedəcək

"Hesab edirəm ki, İrəvanı müxtəlif maraqlar müxtəlif istiqamətlərə parçalayır".

“İki sahil” xəbər verir ki, bunu amerikalı analitik İrina Tsukerman deyib.

Amerikalı xanım şərhçi bildirib ki, revanşist qüvvələr, erməni diaspora lobbiləri Kreml hökümətinə təzyiq edərək üçtərəfli bəyanatın icrası prosesini ləngidir: "Ermənistanda əhalinin böyük hissəsi müharibələrdə məğlub olmaqdan, iqtisadi asılılıqdan, yoxsulluqdan və korrupsiyadan yorulub. Üçtərəfli bəyanatın tam şəkildə həyata keçirilməsi isə daha yaxşı gələcək, regionda inteqrasiya, qonşularla sülh və ölkənin inkişafı üçün imkanlar yaradır. Biz artıq Ermənistanın Türkiyə ilə ticarətə açılmasının ilkin əlamətlərini görmüşük.

Lakin, revanşistlər, erməni diaspora lobbiləri Kreml hökümətinə təzyiq edərək prosesi ləngidir və ya sabotaj edirlər. Buna biz Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasından, İranla qeyri-qanuni əlaqələrin davam etdirilməsindən, hərbi gücdən istifadə etməsindən, sərhədlərdə güc tətbiq edərək bütün razılaşmanı pozmağa xidmət edən terror təxribatlarına göz yummaq kimi hadisələr zamanı şahid olduq. Bakı ilə münasibətlər hələ o yerə çatmayıb ki, İrəvan tam normallaşmanı açıq şəkildə qəbul edə bilsin. İki xalq arasında gərginlik hələ də güclüdür və üçtərəfli bəyanatı gücləndirmək üçün bu səyləri ictimaiyyətə tətbiq etmək həm də indiki məqamda biraz risk tələb edir. 

Üstəlik, Moskva Ermənistanı iqtisadi və siyasi cəhətdən asılı ölkə kimi saxlamaqda maraqlıdır və onun görüşdə vasitəçi kimi mövcudluğu Kremlin regiondakı mövqeyini buraxmaq fikrində olmadığına işarədir. Bununla belə, mən iddia edərdim ki, danışıqlar yolu ilə etimadın möhkəmləndirilməsi tədbirləri və gərginliyin həllində mərhələli addımlar atmaqla, eyni zamanda müəyyən irəliləyişin ölçülə bilən meyarlarına, bütün tərəflər tərəfindən məqbul olan razılaşdırılmış vaxt qrafiklərinə əsaslanaraq sazişin icrasına doğru addımlar atmaq olar. Belə həssas bir ssenaridə gözləntiləri idarə etmək ondan da vacibdir. Unutmayaq ki, yaxın vaxtlarda (16 dekabrda) Brüsseldə Bakı və İrəvan arasında ikitərəfli görüş yaxınlaşır və burada tərəflər müzakirələr zamanı Kremlin təsiri olmadan birbaşa və açıq şəkildə kontakt yaratmaq imkanı əldə edəcəklər". (Milli.Az)