İkinci çörək hesab olunan kartofçuluğa Masallıda hər il maraq artır. İki il əvvəl rayonda 893 hektar sahədə kartof əkilmiş və çəkilən gərgin əmək hesabına 16 min ton ekoloji cəhətdən saf, keyfiyyətli məhsul əldə olunmuşdu. Bol və keyfiyyətli məhsuldan götürülən yüksək gəlir gün-güzəranı torpaqla bağlı olan zəhmət adamının vəziyyətinə olduqca yaxşı təsir etmişdir. Bir neçə gündür rayonda yazlıq kartofu əkininə başlanılıb.
Bu il kartofçular 1000 hektar sahədə əkin aparmağı nəzərdə tutublar. Rayonda kartof əkini üçün yanvar-fevral ayları ən münasib dövr sayılır. Hazırda sahələrdə qızğın iş gedir. Artıq rayon üzrə 650 hektardan çox sahədə əkin aparılıb. Əkin zamanı məhsul istehsalçıları bölgənin iqliminə uyğun tez yetişən kartof toxumuna üstünlük verirlər. Onun çox hissəsi də Rusiyadan gətirilib. Rayonda yazlıq kartof əkini fevral ayının axırlarına kimi başa çatar. Məhsul yığımına isə mayın ortaları başlanacaq.
Kartof əsasən rayonun Təklə, Təzə Alvadı, Köhnə Alvadı, Əhmədli, Sığıncaq kəndlərində əkilir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü