21 yanvar 2022 16:47
948

Hicran Hüseynova: Azərbaycan İsveçrə Konfederasiyası münasibətlərə böyük əhəmiyyət verir  

“Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətlərin 30 ili tamam olur. İsveçrə Azərbaycan Respublikasının müstəqilliyini 23 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 yanvar 1992-ci ildə qurulub. Azərbaycan İsveçrə Konfederasiyası ilə ikitərəfli münasibətlərinə böyük əhəmiyyət verir və iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahədə mövcud olan əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində maraqlıdır. İkitərəfli əlaqələrdə hazırda dinamik inkişaf müşahidə olunur. Azərbaycanla İsveçrə arasında mütəmadi xarakter almış yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu dialoq dövlət başçılarının müntəzəm olaraq, Dünya İqtisadi Forumunun Davosda keçirilən illik toplantıları çərçivəsində görüşləri, habelə parlament, Xarici İşlər Nazirlikləri və ayrı-ayrı nazirliklər səviyyəsində ikitərəfli təmaslar vasitəsilə təmin edilir. Yüksək səviyyəli və qarşılıqlı etimada əsaslanan siyasi dialoqun yaratdığı imkanlar ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə də gələcəkdə daha sıx  əməkdaşlıq üçün gözəl zəmin yaradır.”

Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətləri "İki sahil"ə şərh edərkən deyib.

H.Hüseynova qeyd edib ki, əlaqələrimizin bugünkü səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu böyük olub: “Hər iki ölkə prezidentlərinin müxtəlif dövrlərdə qarşılıqlı səfərləri, Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. Parlamentlər səviyyəsində münasibətlərin genişlənməsi ümumi məqsədlərə xidmət edir. Bu sahədə əldə edilən uğurlar xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, iqtisadi, mədəni əməkdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərir. Milli Məclisdə 2 oktyabr 2006-cı ildən Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, İsveçrə Parlamentində də Azərbaycanla dostluq qrupu mövcuddur. Qrupun rəhbəri Loran Verlidir.”

Milli Məclisin komitə sədri məlumat verib ki, Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında 28 sənəd imzalanıb: “Azərbaycan ilə Isveçrə arasında iqtisadi münasibətlər yüksək templə inkişaf etməkdə davam edir. Azərbaycan-İsveçrə iqtisadi münasibətlərində energetika sahəsində əməkdaşlıq xüsusi yerə və əhəmiyyətə malikdir. Bu xüsusda, Azərbaycan və İsveçrə arasında “Energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” müvafiq sahədə əlaqələrin genişləndirilməsinə xidmət edir. Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyası fəaliyyət göstərir. Eyni zamanda, İsveçrə  Konfederasiyasının Federal Şurası ölkəmizdə kiçik və orta sahibkarlığın, o cümlədə qadın sahibkarlığın inkişafı istiqamətində bir çox layihələrə dəstək verir.  Bununla yanaşı, , İsveçrə  Konfederasiyası bir sıra ekoloji, o cümlədən, çirkli suların təmizlənməsi layihəsinin həyata keçirilməsində də öz töhfəsini verir. Azərbaycanın getdikcə artan iqtisadi potensialı və əldə etdiyi tərəqqi Azərbaycan şirkətlərinin də İsveçrədə sərmayə yatırmasına geniş imkanlar açır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “SOCAR” brendi ilə İsveçrədə yanacaq doldurma stansiyalarına sahib olması, iqtisadi faydalılığı ilə yanaşı, ölkəmizin tanıdılması baxımından da mühüm rol oynayır.

Son 30 ildə ikitərəfli əməkdaşlıq çərçivəsində bir çox uğurlar əldə edilmişdir. Lakin biz bu əlaqələrin daha da sıx olmasını,  iqtisadi, ticari və xüsusi ilə də siyasi əməkdaşlığımızın daha da  inkişaf etməsini arzulayırıq.”

Orxan Vahidoğlu, “İki sahil”