21 yanvar 2022 22:06
947

Ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olacaq - Aydın Hüseynov

Yanvarın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə qlobal bahalaşmanı şərtləndirən əsas amillər açıqlanıb.

Mövzu ilə bağlı fikirlərini “İki sahil”ə açıqlayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, cəmiyyətin inkişafının indiki mərhələsində ölkələrin ərzaqla təmin edilməsi getdikcə daha çox əhəmiyyət kəsb edir və qlobal xarakterli əsas problemlərdən birinə çevrilir: “Əhalinin ərzaqla təminatının yaxşılaşdırılması dövlətlər üçün böyük əhəmiyyət kəsb edən mühüm sosial-iqtisadi vəzifədir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır”.

A.Hüseynov xatırladıb ki, Azərbaycan da dünya iqtisadiyyatının bir parçasıdır və xaricdən idxal edilən məhsulların qiymət artımları təbii olaraq ölkəmizdə də müşahidə edilməkdədir: “İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub və ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür. Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir. 2021-ci ildə xarici amillərin təsiri altında inflyasiya artıb və Azərbaycanda xarici mənşəli ərzaq məhsullarının qiyməti yüksəlib. Çünki xarici mənfi təsirlərdən yan keçmək mümkün deyil. Xarici mənfi təsirlər, həmçinin bir sıra daxili səbəblərə görə Azərbaycanda ərzaq məhsullarının qiymətləri hissolunacaq dərəcədə artıb”.

Millət vəkili qeyd edib ki, qlobal bahalaşma ən çox qida məhsulları bazarında, xüsusilə də taxıl və un məmulatlarında özünü göstərir: “Azərbaycan hökuməti ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasına baxmayaraq qiymət sabitliyini qorumaq üçün bazara müdaxilə etdi, hökumətin ayırdığı böyük subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin edildi. Hətta ölkəmizin idxal etdiyi ərzaq buğdasında payı 90 faizdən çox olan Rusiya hökumətinin 2021-ci ilin əvvəllərində tətbiq etdiyi yüksək ixrac rüsumları sayəsində buğdanın qiymətində 50%-dən çox qiymət artımının baş verməsinə baxmayaraq, ölkəmizdə un və çörək bahalaşmadı. Həmçinin daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırıldı. İri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrıldı. Ötən ilin əvvəlində Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilib. Sözügedən dəyişikliklərdə bəhs olunan pozisiyalar üzrə ƏDV-dən azadetmə müddəti 2024-cü ilədək uzadılıb. Ancaq bu davamlı tənzimləmə yolu hesab edilə bilməz. Ona görə də cari ilin əvvəllərindən bazarda yeni qiymətlərin tətbiqi baş verdi”.

A.Hüseynov son olaraq onu da nəzərə çatdırdı ki,ölkə rəhbərliyi tərəfindən istehlak bazarının tənzimlənməsi, qiymətlərə nəzarətin gücləndirilməsi, süni qiymət artımına yol verilməməsi hökumətin və ölkənin müvafiq iqtisadi qurumların qarşısına çox ciddi vəzifələr kimi qoyulub: “Bu məqsədlə əsas hədəflərdən biri kimi yerli qida məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına və özünütəminetmə səviyyəsinin artırılmasına nail olunmalıdır. Əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olacaq. Bu məqsədlə artıq süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür”.

Günel Eyyubova, “İki sahil”