21 yanvar 2022 22:20
614

270 YAŞIN MÜBARƏK, ƏZİZ ŞUŞA!

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

8 may 1992-ci il... Təxminən 30 il əvvəl... Azərbaycanın tarixi yaddaşına qara hərflərlə yazılmış o acı gün... O zaman yaşım az olmasına baxmayaraq eşitdiyimiz xəbər hər bir azərbaycanlı kimi, məni də dərindən sarsıtdı. Ölkəmizin mədəniyyət mərkəzlərində biri, ulu türkün ana yurdu, keçmiş Qarabağ xanlığının paytaxtı, alınmaz qalası Şuşa şəhəri faşist Ermənistanın hərbi-terrorçu birləşmələri tərəfindən işğal olunmuşdu.

Ürəyi Vətəni ilə döyünən yüzlərlə mərd oğulların canı və qanı bahasına aylardan bəri ağır şərtlər altında müdafiə etdiyi Şuşa şəhəri düşmən əlinə keçmiş, Qarabağımızın təcavüzə məruz qalan digər bölgələri kimi, bu əzəmətli yurd yerimiz də yadelli tapdağı altına düşmüşdü. İgid oğullarımızın at sürüb, cövkən oynadığı Cıdır düzündə mənfur düşmənin murdar ayaq səsləri eşidilirdi. Şuşa yalnız bir şəhər deyil, hər birimizin qürur yeri, güvənc qalası olduğundan, sanki qürurumuz zədələnmiş, güvənc qalamız yıxılmışdı.

Təəssüflər olsun ki, 30 ilə yaxın bir dövr ərzində şəhər erməni vandalizminin  acı üzü ilə qarşılaşdı və o ağrılı tale ilə yaşamağa məcbur oldu. Şuşa yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə şəhər özünün sosial-iqtisadi və mədəni sahədə ən güclü inkişaf dövrünü yaşamışdı. Lakin işğal faktı bu inkişafa da ağır zərbələr vurdu. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olmuşdur.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. İşğal dövründə minlərlə eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi və digər mədəniyyət ocaqlarının ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib. Bu siyahıya Şuşa qalası da əlavə olunmaqla yüzlərlə dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə ciddi cəhdlə çalışırdılar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıtmışdılar.

Tarix hər zaman ədalətin zəfər çalacağını diqtə edib. Məhz buna görə də Azərbaycan xalqı bir gün mütləq torpaqlarını geri qaytaracağına əminlik hissi ilə yaşayırdı. Ədalətin təntənəsinə, haqqın qələbəsinə inanan xalqımız bu işğalla heç bir zaman barışmadı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müxtəlif siyasi kürsülərdəki çıxışlarında dəfələrlə demişdir: “Azərbaycan xalqı işğal faktı ilə əsla barışmayacaq. Biz torpaqlarımızda ikinci bir erməni dövlətinin qurulmasına yol verməyəcəyik!”. Ötən illər ərzində dövlətimiz siyasi, iqtisadi və hərbi gücünü hər gün inkişaf etdirdi. Nəticədə Azərbaycan Cənubi Qafqazın iqtisadi və hərbi cəhətdən ən güclü dövlətinə çevrildi. Təsadüfi deyil ki, Ali Baş  Komandan çıxışlarında dəfələrlə vurğulamışdır: “Ermənistan işğal olunmuş torpaqlarımızı sülh yolu ilə qaytarmazsa, onda Azərbaycan öz torpaqlarını hərbi yolla azad edəcəkdir!”. Öz hərbi gücünə, havadarlarına və mifik yenilməz ordu xülyasına qapılan faşist Ermənistan dövləti və onun “liderləri” nəinki işğal edilmiş əraziləri qaytarmaq, hətta yeni torpaqlar tutmaq iddiası ilə çıxış edirdilər. Azərbaycan dövləti və onun lideri yaxşı anlayırdı ki, ikili standartlar, yalançı vədlər ulu yurdumuz Qarabağın işğaldan azad olunmasının gecikdirilməsinə istiqamətlənmiş məqsədli addımlar idi.

2019-cu ilin 3 oktyabr tarixində Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” sərsəmləməsi artıq düşmənin siyasi sərxoşluğunun və dünyanın siyasi ikiüzlülüyünün son həddinin ifadəsi idi. Həmin iclasda düşmənə layiqli cavab verən ölkə Prezidentinin çıxışı və “Qarabağ Azərbaycandır, nida!” ifadəsi milli şüarımıza çevrilməklə dəmir yumruq şəklində düşmənin başına endirildi.

27 sentyabr 2020-ci il... Doğma Qarabağımızın, əziz Şuşamızın yadelli tapdağından azad olunmasına aparan həmin gün xalqımız və dövlətimiz tarixinə, yaddaşına qızıl hərflərlə yazıldı. Həmin gün başlayan və cəmi 44 gün davam edən İkinci Vətən müharibəsi əziz Şuşamızın azad edilməsi və faşist Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Şuşamızın azad edildiyi gün tariximizin Zəfər Gününə çevrildi. Elə müharibənin başlandığı ilk gündən, ilk saatlardan xalqa müraciət edən Ali Baş Komandanın ərazilərimizin azad olunması ilə bağlı verdiyi şad xəbərlər hər bir azərbaycanlının qürurlanmasına və eyni zamanda, qəhərlənməsinə səbəb olurdu. Bu xəbərlər xalqımızın gündəlik həyat tərzinə çevrilmişdi. Hər kəs Müzzəffər Ali Baş Komandanın çıxışı və verəcəyi xəbərləri böyük intizar hissi ilə gözləyirdi. Qeyd etmək lazımdır ki, Azərbaycan təkcə hərb meydanında deyil, siyasi, diplomatik və informasiya müharibəsində də düşmənə sarsıdıcı zərbələr endirirdi. Bu isə ölkə başçısının siyasi səriştəsi, liderlik və sərkərdəlik bacarığının danılmaz göstəricisi idi.

8 noyabr 2020-ci il... Günorta saatlarında Ali Baş Komandanın növbəti çıxışını hər bir Azərbaycan vətəndaşı  böyük sevinc, fərəh və gözyaşları içərisində dinləyirdi. Alınmaz qalamız, dilbər guşəmiz, mədəniyyət beşiyimiz, əziz Şuşamız öz azadlığına qovuşmuşdu. Əslində Şuşa şəhərinin özü də sözlə ifadə edilə bilməyən duyğulara qapılmışdı. Axı biz, onun əsl sahibləri qayıtmışdıq. Artıq Şuşamızın, Qarabağımızın başı üstündəki qara buludlar dağılmışdı. İndi bu torpaqlara yeni nəfəs, yeni ruh gəlmişdir. İndi bu torpaqlar azad nəfəs alırdı. İndi bu dağlara gələn qış fəsli də bir başqa idi.

Azad olunduqdan dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, bütün ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq tədbirlərindən Şuşa şəhəri də nəsibini almışdır. Dövlətimizin qayğısı ilə qısa zaman kəsiyində Azərbaycanımızın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin Baş planının hazırlanması, şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyi və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası və bu kimi digər tədbirlər mədəniyyət paytaxtımızda görülən kompleks işlərin tərkib hissəsinə çevrilmişdir. Söz yox ki, bütün bunlar atılan ilk addımlardır. Doğma Şuşamızın daha güclü soisal-iqtisadi və mədəni yüksəlişi hələ qabaqdadır.

Bildiyimiz kimi, əsası 1752-ci ildə qoyulan Şuşa şəhərinin bu il – 2022-ci ildə 270 yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi də məhz doğma Şuşamıza göstərilən hərtərəfli dövlət qayğısı və diqqətin növbəti təzahürüdür.

270 yaşın mübarək, əziz Şuşa!

Rəşad Zülfüqarov,
AMEA-nın Naxçıvan Bölməsi, filologiya üzrə fəlsəfə doktoru