İkisahil.TV-nin bugünkü qonağı Milli Məclisin deputatı Vüqar Bayramovdur
-Vüqar müəllim, 2021-ci il Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyi ili kimi yadda qaldı. Bəs bu göstəricilər 2022- ci il üçün hansı proqnozları söyləməyə əsas verir?
-2021-ci ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatına pandemiyanın neqativ təsirləri minimallaşdırılmışdır. Pandemiyanın yeni dalğasına baxmayaraq iqtisadi fəallıq bərpa edilmişdir. Beləliklə də, cari il üçün nəzərdə tutulan proqnozdan daha yüksək iqtisadi artıma nail olunmuşdur. Ötən il ümumi daxili məhsul əvvəlki illə müqayisədə 5.6 faiz artaraq 92 milyard 857 milyon manata çatıb. Bu, o deməkdir ki, müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanda 90 milyard manatdan çox ÜDM istehsal olunub. Rəsmi statistikaya görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb. Bu isə ötən ilki artımın daha çox qeyri-neft sektoru hesabına baş verdiyindən xəbər verir.
ÜDM istehsalında sənaye yenə öndədir. 2022-ci ildə də həm Azərbaycan hökuməti, həm də beynəlxalq qurumlar ölkəmizdə iqtisadiyyatın artacağını proqnozlaşdırırlar. BMT bu il Azərbaycan iqtisadiyyatının 4 faiz böyüyəcəyi qənaətindədir. 2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarıilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcəkdir. Valyuta bazarında tarazlığın qorunması növbəti il və ortamüddətli dövrə də xarici valyuta gəliri mənbələrinin şaxələnməsi istiqamətində islahatların sürətləndirilməsini aktuallaşdırır.
- Ölkənin ərzaq təhlükəsizliyi və ərzaq təminatı ilə bağlı əsas hədəflər nələrdir? Bu hədəflərə çatmaq üçün hansı addımlar atıla bilər?
- Hər bir dövlətin qarşısında duran və bu gün də öz aktuallığını qoruyub saxlayan ən vacib vəzifələrdən biri əhalinin ərzaq məhsulları ilə etibarlı təminatıdır. Məhz buna görə də ölkəmizdə ərzaq təhlükəsizliyinin gücləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir .Ərzaq təhlükəsizliyi hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi deməkdir. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Ərzaq təhlükəsizliyinin ən mühüm tərkib hissəsi ərzaq məhsullarının keyfiyyətinə nəzarətin təmin olunmasıdır. Azərbaycanda ərzaq keyfiyyəti və qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin müasirləşdirilməsi də olduqca aktualdır və həmin tədbirlər sırasındadır. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, Azərbaycanın istehlak bazarına zərərli və keyfiyyətsiz ərzaq məhsullarının daxil olmasının qarşısının alınması məqsədilə təhlükəsizliyin idarəedilməsi sistemlərinin və nəzarət mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması əsas vəzifələrdən biridir.
Azərbaycan qloballaşan dünyanın bir hissəsidir. Müasir dövrdə tədric olunmuş halda və ya fərdi qaydada ölkənin ərzaq təhlükəsizliyini təmin etmək qeyri-mümkündür. Azərbaycan açıq və sərbəst iqtisadi sistemə, qloballaşan istehsal münasibətlərinə malik bir dövlətdir. Dünyada baş verən iqtisadi proseslər təbii ki, Azərbaycandan yan ötmür və öz təsirini göstərməkdədir. Ümumdünya ərzaq bazarının konyukturasında baş verən proseslər milli istehsalların strukturunun və bazar konyukturasının formalaşmasında mühüm rol oynayır. Son dövrlərdə Yer kürəsində baş verən ekoloji və klimotoloji dəyişikliklər, kənd təsərrüfatı istehsalına yararlı torpaq və su resurslarının erroziya proseslərinin sürətlənməsi, habelə dünya əhalisinin artım tempi ərzaq məhsullarına qlobal tələbatın yetərincə ödənilməsində ciddi çağırışlara səbəb olmuşdur. Ərzaq məhsullarına tələbatın artım tempi ilə mövcud istehsal resursları arasında yaranan kəskin disparitetlik artan dünya əhalisinin ərzaq təminatında bir sıra problemlər vəd edir. Son məlumatlara əsasən, hazırda dünya əhalisi 6,7 milyard nəfəri ötmüş və 2050-ci ildə onların sayı 9,2 milyard nəfərə çatacaqdır. Təbii ki, əhalinin artım tempi özlüyündə ərzağa tələbatın artım tempini müəyyən edir, digər tərəfdən isə bu tələbat ilbəil keyfiyyətcə təkmilləşir, dəyişir və yeniləşir. Bu səbəbdən də ərzaq məhsulları istehsalında məhsuldarlığın artırılması məqsədilə mütəmadi olaraq elmi tədqiqatlar aparılır, yeni texnika və texnologiyaların kənd təsərrüfatı istehsalına tətbiqi, innovasiyaların istehsal sahələrinə gətirilməsi problemin həllində əsas vasitə və alət kimi istifadə olunmaqdadır.
-“Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərin hazırlanması üçün göstərişlər verildi. Hansı tədbirlər planının hazırlanması nəzərdə tutulur?
- Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur. Deyərdim ki, qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır. Amma hökumət süni qiymət artımına imkan verməmək üçün qabaqlayıcı tədbirlər görür. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib və respublikanın 68 şəhər və rayonu üzrə unun satışı və çörəyin çəki və qiymətinə dair gündəlik ciddi monitorinqlər aparılır.
Digər tərəfdən, bahalaşmanı nəzərə alaraq dövlət başçısının tapşırığına uyğun olaraq ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir”. Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində «Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında» Tədbirlər Planı barədə təkliflərini də Hökumətə təqdim etmələri tapşırılıb.
«Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında» Tədbirlər Planı antiinflyasiya tədbirlərinin daha ardıcıl və davamlı həyata keçirilməsini təmin edəcək. Bununla da, Azərbaycanda antiinflyasiya tədbirləri gücləndiriləcək”.
- Maraqlı məqamlardan biri də idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqətin yetirilməsi ilə bağlı idi. Bununla bağlı fikirləriniz…
- Yanvarın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Ə.Əsədov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meyilləri davam etdirilmiş, pandemiyanın milli iqtisadiyyata neqativ təsirləri minimuma endirilmişdir.
Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlmişdir.
Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur.
İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olmuşdur. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür. Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olmuşdur. Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artmışdır.
Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə Hökumət tərəfindən bir sıra tədbirlər həyata keçirilib: “Daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiyanın məbləği artırılıb. Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü ilədək uzadılıb, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrılıb.»
Şəmsiyyə Əliqızı,
Nilufər Mustafaqızı, «İki sahil»