22 yanvar 2022 00:14
889

Antiinflyasiya tədbirlərinə başlanılır: Qiymət artımlarının qarşısı necə alınacaq?

Xəbər verildiyi kimi, yaxın vaxtlarda Azərbaycanda antiinflyasiya tədbirlərinə start veriləcək. Belə ki, yanvarın 18-də Nazirlər Kabinetinin örzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində  “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərin hazırlanması  tapşırılıb. Artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib.İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini hökumətə təqdim edəcəyi gözlənilir. Hesab edilir ki, Mərkəzi Bank, İqtisadiyyat , Kənd Təsərrüfatı, Maliyyə , Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Ehtiyatları Agentliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən hazırlanacaq çevik və kompleks antiinflyasiya proqramı qısamüddətli dövrdə hökumətə inflyasiyanın amillərini nəzarətdə saxlamağa imkan verə bilər.   

Qeyd edək ki, BMT-nin FAO-nun ərzaq qiymətləri indeksində bütün alt kateqoriyalar 2021-ci ildə kəskin şəkildə artıb. Taxılın qiymət indeksi orta hesabla keçən il 27,2 faiz artımla 131,2-yə çatıb. Bitki yağının qiymət indeksi 65,8 faiz artaraq 164,8-ə çataraq indiyədək olan ən yüksək səviyyəyə çatıb. Şəkərin qiymət indeksi 2021-ci ildə 29,8 faiz artaraq 109,3-ə yüksəlib. Həmçinin ətin qiymət indeksi 12,7 faiz artaraq 107,6,  süd məhsullarının qiymət indeksi 16,9 faiz artaraq 119 olub.

Bildirilir ki, qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır. FAO-nun hesablamalarına görə, ötən il dünyada ərzaq məhsullarının orta illik inflyasiyası 25 faizə çatıb. Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib. Bu səbəbdən də ötən il inflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub və ümumi inflyasiyanın təqribən 60 faizi ərzaq inflyasiyasının payına düşüb. Belə ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları və ərzaq idxalı ötən il 2,1 milyard dollar olmaqla ümumi idxalın 18 faizini təşkil edib.  Bununla da 2021-ci ildə xarici amillərin təsiri altında inflyasiya artıb və Azərbaycanda xarici mənşəli ərzaq məhsullar qiyməti yüksəlib. Bununla belə, ötən  il ərzaq inflyasiyası orta hesabla  8,1 faiz olmaqla dünya üzrə  göstəricisidən 3 dəfə aşağıdır.

Ümumilikdə, qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur. Azərbaycanda orta illik inflyasiya 6,7 faiz, o cümlədən qeyri-ərzaq inflyasiyası 5,1 faiz təşkil edib. 2021-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 12 faiz olub. Tədiyə balansının profisitli olmasının məzənnə dayanıqlığını dəstəkləməsiməzənnə sabitliyi inflyasiya idxalına və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərib. Başqa sözlə, manatın məzənnəsinin sabit olmasıinflyasiyanın daha yüksək həddə çatmasının qarşısını alır.

inflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli dərəcədə aşağıdır. Bu baxımdan inflyasiyanın azalması daha çox qeyri-monetar amillərdən - dünya ərzaq və enerji daşıyıcılarının qiymətlərindən, tələb-təklif zəncirində bərpa vəziyyətindən, dövlət tarif siyasətindən və makroiqtisadi siyasət çərçivəsindən asılı olacaq. Bu amillərdən asılılığın azaldılması  ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının genişləndirilməsini, yəni strateji məhsulların idxalının daxili istehsalla əvəzlənməsini zəruri edir. Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək iqtidarında olmalıdır. Bu baxımdan Nazirlər Kabinetinin sözügedən müşavirəsində  taxıl-buğda istehsalında məhsuldarlığın artırılması, onun tədarükündə daxili tələbata yönələn hissənin keyfiyyətinin yüksəldilməsi, nəticə yönümlü subsidiyaların verilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyi  vurğulanıb.

Antiinflyasiya tədbirlərinin bir istiqamətini isə bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür. Süni qiymət artımı ilə bağlı tapşırıq əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinq və nəzarət tədbirlərini daha da gücləndirib. 

Bütün hallarda əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olmalıdır. Müşavirədə bəyan edilib ki, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında inzibati rıçaqlardan istifadə olunmaqla möhtəkirlik hallarının qarşısı qətiyyətlə alınacaq, istehlak bazarına antiinhisar nəzarəti gücləndiriləcək.

Ceyhun Piriyev, “İki sahil”