22 yanvar 2022 01:58
1016

“ASAN xidmət” korrupsiya meydanını daraldır

Ölkə başçısının uğurlu sosial siyasəti insanların rifah halının yaxşılaşmasına, bu sahədə mühüm layihələrin həyata keçirilməsinə, Azərbaycanda etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb. Sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, əlçatanlıq və bərabərlik prinsipinin qorunmasıdır. Bu gün respublikamızda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində islahatlar uğurla davam etdirilir.

Prezident İlham Əliyevin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Prezident İlham Əliyev “DOST” mərkəzinin açılış mərasimindəki nitqində bunu bir daha vurğulamışdır: “Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq, bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin”.

İnsanların rifah halının yaxşılaşdırılmasına xidmət edən və onların məmnunluğunu təmin edən tədbirlərin görülməsi, irimiqyaslı layihələrin həyata keçirilməsi məmur özbaşınalığının, korrupsiyanın qarşısını alır, vətəndaş məmnunluğunu təmin edir. Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi bunun əyani təsdiqidir. Ötən müddətdə bu Fəaliyyət Planı dövlət orqanları tərəfindən uğurla icra edilmiş, bu strateji sənədin icrası çərçivəsində qanunvericilik, dövlət xidmətləri, açıq hökumət, maarifləndirmə və beynəlxalq fəaliyyət sahələrində müvafiq olaraq Milli Məclisin deputatlarının etik davranış qaydaları haqqında və korrupsiya hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət müdafiəsinin təmin edilməsi ilə bağlı qanunlar qəbul edilmiş, Elektron Xidmətlərin İnkişafı Mərkəzi yaradılmışdır.

Hazırda vacib amillərdən biri də korrupsiya üçün meydanı daraltmaqdır. Son illər Azərbaycanda korrupsiyaya qarşı mübarizədə böyük nailiyyətlər əldə edilib. Bu gün də bu istiqamətdə mühüm layihələr reallaşdırılır, institusional tədbirlər görülür, şəffaflıqla, hesabatlılıqla bağlı əlavə addımlar atılır. Belə ki, şəffaflığın təmin edilmədiyi sahələrin imdadına korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitə olan “ASAN xidmət” çatır. Prezidentimiz 2022-ci il yanvarın 12-də yerli televiziyalara müsahibəsində bildirdi ki, Azərbaycan brendi olan “ASAN xidmət” artıq sınaqdan çıxmış bir modeldir: “O da bizim təşəbbüsümüz idi. Bizə qədər bu cür, bu miqyasda və bu əhatədə oxşar bir xidmət sahəsi olmamışdı. Bunu da biz etmişik və bacarmışıq. Ona görə “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98 faizdir, bəlkə də çox. Mən təəccüb edirəm, nə üçün 100 faiz deyil. Çünki orada tam şəffaf mənzərə mövcuddur. Ona görə bütün sahələrdə-iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur-vətəndaş təmasları da, yəni haradakı korrupsiya imkanları var, minimuma endirilməlidir. Belə olan halda uğurlar daha da təsirli olacaq”.

Sevindirici haldır ki, həyata keçirilən genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərilməklə dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında mühüm rol oynayan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyası gündən-günə genişləndirilir. Bu brend beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətə layiq görülüb. BMT ictimai xidmətlər sahəsində “ASAN xidmət”ə yüksək mükafat verib. Bir neçə mötəbər beynəlxalq təşkilat artıq “ASAN xidmət”lə uğurlu əməkdaşlıq edir.

Zahid Rza, “İki sahil”