22 yanvar 2022 09:59
731

Britaniya şirkəti kosmosda kinostudiya yaratmağı planlaşdırır

Məşhur aktyor Tom Kruzun rol aldığı kosmik filmin birgə istehsalı ilə məşğul olan Britaniya şirkəti "Space Entertainment Enterprise" (SSE) 2024-cü ildə kosmosda əyləncəli məzmunda verilişlər hazırlamaq və yayımlamaq üçün kinostudiya qurmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, SEE-1 adlanan modul kino, televiziya, musiqi və idman tədbirləri, eləcə də mikroqravitasiya şəraitində, alçaq orbitdə məzmun yaratmaq istəyən rəssam, prodüser və digər yaradıcı insanlar üçün nəzərdə tutulub.

Amerikanın "Variety" əyləncə jurnalının məlumatına görə, kinostudiya televiziyanın yaradılmasına, istehsalına, səsyazmasına və canlı yayımına imkan verəcək. SEE-1 bəşəriyyətin başqa reallığa keçməsi və kosmosda yeni səhifə açması üçün inanılmaz fürsətdir.

SEE hazırda maddi vəsaitin toplanmasını planlaşdırır.

"Jul Vernedən tutmuş "Ulduz yolu"na qədər elmi fantastik əyləncəli verilişlər dünyada milyonlarla insanı gələcək barədə xəyal qurmağa ruhlandırıb. Kosmosda müasir əyləncə mərkəzinin yaradılması bu arzuları gerçəkləşdirməyə və inanılmaz yeni məzmun yaratmağa saysız-hesabsız qapılar açacaq", - deyə SEE-nin icraçı sədri Riçard Conston "Variety"ə bildirib.

Britaniya şirkətinin bildirdiyinə görə, SEE-1 yaradıcılığı yeni mərhələyə qaldıraraq innovativ infrastrukturla dolu məkanda qeyri-məhdud əyləncə imkanlarından yararlanmaq üçün unikal və sərfəli seçim təqdim edəcək.

ABŞ-ın "Axiom Space" şirkəti tərəfindən alçaq orbitdə inşa ediləcək SEE-1 kosmik moduluna 2 milyard dollarlıq (təxminən 1,77 milyard avro) vəsait ayrılacaq ki, bu da qlobal əyləncə sənayesini genişləndirməyə imkan verəcək.

"Axiom Space"in icraçı sədri Maykl Saffredini deyib: "Dünyanın ilk kommersiya kosmik stansiyası olan "Axiom Stansiyası" orbitdə şaxələnmiş iqtisadiyyatı təmin edəcək bir infrastruktur kimi dizayn edilib".