24 yanvar 2022 22:15
753

İqtisadiyyatın dayanıqlı inkişafı ərzaq təhlükəsizliyinə təminatdır

Sahibkarlığın inkişafına əngəl törədən rüşvətxorluğa, inhisarçılığa qarşı mübarizə aparmaqla sağlam rəqabət mühitini formalaşdırmaq başlıca vəzifələrdəndir

Ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də qeyd olunur ki, sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, özəl təşəbbüslərə arxalanan iqtisadi artım, rəqabətqabiliyyətli iqtisadiyyatın dinamik inkişafı işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış üçün başlıca amildir. Təmiz ətraf mühit və «yaşıl artım»” ölkəsi olan Azərbaycanın iqtisadi, sosial tərəqqisi ilə bağlı prioritetlərin daxil olduğu, Birləşmiş Millətlər Təşkilatının «Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik»”dən qaynaqlanan öhdəliklərdən irəli gələn vəzifələrin yer aldığı, uzun müddət üçün nəzərdə tutulduğu Milli Prioritetlər ölkənin davamlı inkişafı üçün möhkəm zəmindir. Özəl sektoru, xüsusilə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə, şəffaf özəlləşmə strategiyasını həyata keçirməklə kölgə iqtisadiyyatına qarşı mübarizə dövlət siyasətinin başlıca vəzifələrindən olmaqla, sosial mahiyyət daşıyır. Əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artırılması, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təminatı üçün həyata keçirilən bərpa-quruculuq işlərinin sürətləndirilməsi, aqrar sahənin dircəldilməsidir.
Növbəti onillikdə ən müasir texnologiyalar əsasında sənayenin inkişafı ilə bağlı, sosial ədalətə əsaslanan vəzifələrin Milli Prioritetdə yer alması uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının istiqamətlərini müəyyənləşdirir.

Yanvarın 12-də Azərbaycanın yerli televiziya kanallarına müsahibəsində qarşıda duran vəzifələrdən bəhs edən Prezident İlham Əliyevin ötən ilin 11 ayının iqtisadi yekunları ilə bağlı açıqlamaları qazanılmış uğurların hesabatı, qarşıda duran vəzifələrin proqnozudur.

Prezident İlham Əliyev müsahibəsində vurğuladığı kimi, ölkə iqtisadiyyatının əsasını təşkil edən sənaye istehsalının 5, qeyri-neft sənayesinin 20 faizə yaxın artması İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran ölkəmizin uğuru, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir. Müharibədən yeni çıxmış ölkə üçün real iqtisadi və sənaye artımı ilə bağlı diqqətə çatdırılan statistika düşünülümüş, uğurlu siyasətin nəticəsidir. Yeni yaradılan Qarabağ və Şərqi Zəngəzur bölgələrində, işğaldan azad edilmiş digər ərazilərdə investisiya proqramlarının tam icra edilməsinin aktuallığı Prezident İlham Əliyevin bu sözləri ilə ifadə olunur: «Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir. Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur.» Bu uğurlar ölkədə mövcud olan təbii ehtiyatlardan, ərzaq və sənaye potensialından səmərəli istifadənin, ixrac imkanlarının artmasını təsdiqləyir.

Ötən ilin 11 ayında ölkə iqtisadiyyatının əsasını təşkil edən qeyri-neft məhsullarının ixracın 40 faizdən çoxunu təşkil etməsi hesabına valyuta ehtiyatlarının artması uzunmüddətli iqtisadi strategiyamızın məntiqi nəticəsidir. Dövlət başçımız «Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər doğrudan da onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır» sözləri ilə respublikadakı sağlam rəqabət qabiliyyətinin mövcudluğunu, sahibkarlıq fəaliyyətinin şəffaf münasibətlər mühitində inkişaf etdirildiyini, əhalinin sosial rifah halının, güzəranının yaxşılaşdırılmasına yönələn islahatların aparılmasını da diqqətə çatdırır. Ötən ilin sonunda yüz minlərlə aztəminatlı ailəni əhatə edən sosial paketin reallaşdırılması bir daha təsdiqləyir ki, təməlində insan amilinin olduğu dövlət siyasətimiz sosial- iqtisadi islahatların paralelliyi şəraitində davam etdirilir. Azərbaycanın dövlət siyasətinin təməlində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Azərbaycanda genişmiqyaslı ərzaq proqramının həyata keçirilməsinin, daxili bazarın yerli məhsullar hesabına təmin edilməsinin əsasında da insanların rifahının yüksəlməsi kimi mühüm amil dayanır.

Pandemiyanın yaratdığı iqtisadi böhrana uyğun olaraq dünya dövlətləri arasında siyasi, iqtisadi, ticari əlaqələrin pozulması ərzaq təhlükəsizliyinin təminatına da təsir göstərir. Təbii ki, bu reallıq Azərbaycanda da hiss edilir. Adi bir misal. Dünya birliyində taxıla tələbatın artması strateji əhəmiyyətə malik bu ərzaq məhsulunun qiymətini artırıb. Torpaqlarımızın 30 ilə yaxın Ermənistanın işğalı altında qalması kənd təsərrüfatı məhsullarının istehsalına, daxili bazara təsir göstərsə də, ən çətin məqamlarda belə ölkə əhalisinin ərzaq məhsulları ilə tam təminatı üçün praktiki addımlar atılıb. «Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda, biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüz-özümüzü təmin etməliyik, mən buna inanıram» söyləyən Prezident İlham Əliyev bu sözləri ilə təsdiqləyir ki, iqtisadiyyatın, aqrar sahənin inkişafı birbaşa əhalinin sosial rifahına, vətəndaşların ərzaq təhlükəsizliyinin təminatına yönəlir.

Nazirlər Kabinetinin Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılmış, sosial-iqtisadi inkişaf meyillərindən, pandemiyanın milli iqtisadiyyata neqativ təsirlərindən ətraflı danışılmışdır. Vurğulanmışdır ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında qeyd olunduğu kimi, 2021-ci ildə dünyada ərzaq qiymətlərinin son 10 ilin ən yüksək səviyyəsinə çatması inflyasiya ilə bağlıdır. Dünya üzrə ümumi inflyasiyanın təqribən 60 faizi ərzaq məhsullarının payına düşməsi, taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45 faizdən çox artımı
bütün ölkələrin daxili bazarına təsir edir. Hazırda beynəlxalq ictimaiyyəti düşündürən əsas məsələ dövlətlərarası idxal- ixrac əməliyyatlarında inflyasiyanın yüksəlməsinin qarşısının alınmasıdır.

Qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşma nəzərə alınaraq Azərbaycanda da qabaqlayıcı tədbirlər görülür. Ölkəmizdə əhalinin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir. 

Yerli telekanallara müsahibəsində iqtisadiyyatın inkişafına mane olan amillərdən bəhs edərkən infilyasiyaya, korrupsiyaya, rüşvətxorluğa qarşı davamlı mübarizə aparılacağını «Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq» bu sözləri ilə bildirən Prezident İlham Əliyev vurğulamışdır ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, kadr islahatları daimi proses olmaqla günahkarlara və cinayət törədənlərə qarşı ciddi tədbirlər görüləcək. Məqsəd sahibkarlığın inkişafına əngəl törədənlərin, infilyasiya üçün münbit şərait yaradan korrupsionerlərin meydanını daraltmaqdır. «Ancaq hesab edirəm ki, bizim siyasi iradəmiz artıq hər kəsə bəllidir. Mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin» söyləyən Prezident İlham Əliyevin sözlərini əməli işi ilə də doğruldur.

Xuraman İsmayılqızı, «İki sahil»