24 yanvar 2022 21:56
753

Hər kəs süni qiymət artımına qarşı mübarizədə fəal iştirak etməlidir - Tahir Rzayev

Ölkənin ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Əhalinin ərzaqla tam təmin edilməsi, ərzaq qıtlığının yaşanmaması dövlətlər üçün böyük əhəmiyyət kəsb edən mühüm sosial-iqtisadi vəzifədir. Birmənalı olaraq yerli ekspertlərin fikirlərinə görə, Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsi yüksək səviyyədə təmin olunur və bu sahədə ölkəmizdə heç bir çatışmazlıq, böhran yaşanmır. “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nda da qeyd edilir ki, ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir. Ona görə də bu hüququn təmin edilməsi Azərbaycan hökumətinin mühüm vəzifələrindən sayılır.

Göründüyü kimi, ərzaq təhlükəsizliyi – vətəndaşların sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi məsələsi Azərbaycan dövlətinin daim diqqət mərkəzində saxladığı məsələdir. Digər narahatedici məqam isə ondan ibarətdir ki, son dövrlər bütün dünyada bahalaşma, xüsusən ərzaq məhsullarında qiymət artımı müşahidə olunur. Təbii ki, Azərbaycanda da bu tendensiya müşahidə olunmaqdadır. Çünki bu halda ölkəmizə xaricdən gətirilən, yəni, ölkəyə idxal olunan məhsulların qiymət artımı labüddür. Unutmaq olmaz ki, qiymət artımı yalnız Azərbaycanda baş vermir. Bu proses bütün dünyanı cənginə alıb. Hazırkı dövrdə əhalinin sosial müdafiəsini gücləndirmək, xüsusilə süni qiymət artımlarının qarşısını almaq üçün isə Azərbaycan hökuməti öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir və bütün lazımi addımlar atılır.

Məlum olduğu kimi, yanvarın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsi keçirildi. Müşavirədə qlobal bahalaşmanı şərtləndirən əsas amillər açıqlandı.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə açıqlamasında diqqəti müşavirədə səsləndirilən çağırışlara diqqəti yönəldərək bildirdi ki, qiymət artımı müəyyən obyektiv və subyektiv amillərlə bağlıdır: “Əlbəttə, bu, ilk növbədə dünyada ərzaq məhsullarının qiymətlərinin artması ilə əlaqələndirilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır”.

Millət vəkili, həmçinin xatırlatdı ki, buğdanın, un məmulatlarının, bitki yağlarının, heyvandarlıq məhsullarının dünya bazarında qiyməti xeyli artıb: “Əlbəttə, bu da Azərbaycandan yan keçə bilməz. Əgər biz bir çox dünya ölkələrindən ərzaq məhsulları idxal ediriksə, sözsüz ki, bu amil ölkədə qiymətlərin artımına öz təsirini göstərməlidir”.

T.Rzayev süni qiymət artımına da münasibət bildirdi: “Qiymət artımından bir çox işbazlar süni şəkildə istifadə edirlər. Əgər qiymətlər 1-2 faiz artırılırsa, amma bəzən bazarlarda, eləcə də mağazalarda, marketlərdə qiymət qat-qat artıq “müəyyənləşdirilir”. Bundan da işbazlar faydalanırlar. Ona görə də bu gün başlıca məsələ süni qiymət artımının qarşısının alınması və bununla əlaqədar əsaslı tədbirlərin görülməsidir. Hökumət artıq bununla bağlı özünün geniş tədbirlər planını hazırlayıb. Vaxtaşırı monitorinqlər keçirilir və bundan sonra da bu monitorinqlərin səmərəsinin artırılması nəzərdə tutulur. Hesab edirəm ki, müəyyən cəzaların tətbiq olunması çox vacibdir. Ona görə də hər bir sahibkar, ümumiyyətlə, hər kəs qiymət artımına qarşı mübarizədə fəal iştirak etməlidir”.

Günel Eyyubova, “İki sahil”