28 yanvar 2022 22:56
911

Hər bir Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”  

Ulu öndər Heydər Əliyev

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində öz intellekti və  fəallığı ilə seçilir. Respublikada bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənc nəslin inkişafı  üçün yaradılan geniş imkanlar onlar hal-hazıda cəmiyyətin aparıcı qüvvəsinə çevirib. Ötən əsrlə müqayisədə gənclərimizin beynəlxalq aləmə inteqrasiyasında nəzərəçarpan  dönüş yaranıb. Əlbəttə bu inkişaf dövlətimizin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Müasir Azərbaycan dövləti özünəməxsus inkişaf yоlu ilə gedir. Bu inkişafın təməlini ümummilli lider Heydər Əliyev qоyub.  Ulu öndər Heydər Əliyev məktəbinin yetirməsi, оnun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı Fərman və sərəncamlar Ümummilli Liderimiz tərəfindən başlanılmış işlərin məntiqi davamıdır. 1993-cü ilin ikinci yarısında dahi siyasi xadim Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ilə ölkədə özbaşınalığa, hərc-mərcliyə, hakimiyyət bоşluğuna sоn qоyuldu. Güclü mərkəzi hakimiyyət yaradıldı. Dövlət fəaliyyətində hakimiyyətlər bölgüsü, qanunun aliliyi, aşkarlıq, fikir plüralizmi ön plana çəkildi. Beynəlxalq aləmdə də dövlətin rоlu müsbət istiqamətdə dəyişdi. Bütün sadalananlarla yanaşı, ayrı-ayrı Dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin yaradılması dövlət gənclər siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi yolunda atılmış uğurlu addım idi.

Yuxarıdakı fikirlər sonradan əldə edilmiş nailiyyətlərlə təsdiqləndi. Bu siyasi dövlət institutu olduqca qısa zaman kəsiyində gənclər siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi və reallaşdırmağa başladı.

1995-ci ilin martında ümummilli lider Heydər Əliyev ölkə gəncləri ilə görüşdə onların sağlam ruhda tərbiyə almaları, əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Elə sözügedən tarixdə də gəncliyin inkişafının  təməli qoyuldu. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilərək, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi ilə əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyuldu. Ümummilli Liderin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi.

Birinci Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı dəfələrlə artdı. Elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə ulu öndər Heydər Əliyev “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli Fərman imzaladı. Bu Fərmana uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə musiqi sahəsində xüsusi istedadı olan gənclərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.

1997-ci ildə dövlət gənclər siyasəti ilə bağlı ilk qanun da qəbul edildi. Belə ki, Ulu Öndər 1997-ci ildə imzaladığı Fərmanla fevralın 2-si tarixini Gənclər Günü kimi təsbit etdi. Bununla da müasir Azərbaycan gəncliyinin inkişafının yeni mərhələsi başlandı.

Ulu öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Həmin Fərmanla, həmçinin Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edildi, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gəncləri dövlət idarəciliyində aparıcı yerlərdən birini tutan qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə Prezidenti  İlham Əliyev 30 avqust 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. 2005-2009-cu illər üçün nəzərdə tutulmuş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın məqsədi gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək üçün sosial-iqtisadi və təşkilati-hüquqi şərait yaratmaq idi. Dövlət Proqramının məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdu: gənc nəslin Vətənə məhəbbəti, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması;  gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması;  gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi; istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması;  gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi;  sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi;  gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi; ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatın formalaşması və inkişafı üçün şəraitin yaradılması;  gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi.

Əminliklə deyə bilərik ki, 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış və bu proqramın 100-dən çox bəndi həyata keçirilmişdir.  Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi əhalinin bu təbəqəsinin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakına zəmin yaratmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın fəaliyyəti gənclərimiz üçün örnəkdir. Onun Azərbaycan həqiqətlərinin təbliğində əhəmiyyətli rolunu xüsusi vurğulamaq lazımdır. Xatırladaq ki, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının 2009-cu il aprelin 18-də Moskva şəhərində təsis edilib. Bu təşkilat Azərbaycan həqiqətlərinin Rusiya və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi fəaliyyət göstərir. Təşkilatın məqsədi Azərbaycan mədəni irsinin, xalqımızın milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, təhsil təşəbbüsləri, Azərbaycan gənclərinin dəstəklənməsi, onların inkişafının təbliği, Rusiya cəmiyyətinin mədəni həyatına Azərbaycan gənclərinin daha yaxşı inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, ailə və cəmiyyətin mənəvi və əxlaqi əsaslarını qorumaq və möhkəmləndirmək, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqidir.

Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki,  bu gün Azərbaycan gəncliyi özünün intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında özünə qibtə olunacaq nüfuz qazanıb. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.” Ulu öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın xoşbəxt sabahı naminə səfərbər edir.

Günel Eyyubova, “İki sahil”