28 yanvar 2022 23:27
722

Bu il Şuşada Böyük Qayıdışın təntənəsi baş tutacaq - Əminə Ağazadə

2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, o cümlədən Şuşa şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə fikirlərini “İki sahil”in oxucuları ilə bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bildirdi ki, 44 günlük Vətən müharibəsinin başlandığı gündən rəşadətli ordumuzun ardıcıl qələbələrindən sonra hər kəs həyəcanla Şuşa müjdəsini gözləyirdi: “Vətən müharibəsinin 43-cü günündə millətin bu arzusu reallaşdı. 2020-ci il noyabrın 8-i  tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu”.

Ə. Ağazadə Qafqazın incisi olan Şuşanın işğaldan azad edilməsinin önəmindən danışarkən söylədi ki, Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı: “Bu gün Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin Şuşaya ilk səfərindən etibarən bu unikal diyarımızın bərpasına başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksək gərginlikli xətlər çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən şəhərin su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi bərpa olundu. Şəhərin tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi, büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, dağıdılmış evinin isə bərpasına başlanıldı. Bundan başqa, Bülbülün ev-muzeyinin açılışı baş tutdu. Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə dahi şəxsiyyətlərimiz – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən gülləbaran edilmiş büstləri öz tarixi vətənlərinə gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürdü. “Qarabağ” və “Xarıbülbül” otelləri istifadəyə verildi. Şuşanın Baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu”.

Millət vəkili “Cari ilin “Şuşa İli” elan olunması dünyaya, beynəlxalq aləmə hansı mesajı verir” sualımızı cavablandırarkən qeyd etdi ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmli addımdır: “Bu qərar Şuşamızın tarixi simasının qaytarılması, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olması deməkdir. Çünki Şuşa milli qürurumuzun, mənliyimizin özüdür. Bu il Şuşada Böyük Qayıdışın təntənəsi baş tutacaq. Uzun müddətlik həsrətdən sonra şuşalılar doğma yurdlarında “Şuşa İli”ndən irəli gələn əhəmiyyətli tədbirləri izləyəcək, fərəhlənəcək və qürurlanacaqlar”.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il ərzində Azərbaycanın bölgələrinə 47 dəfə səfər edib ki, bu səfərlərin də 32-si işğaldan azad edilmiş torpaqlarımıza reallaşıb. Ali Baş Komandan İlham Əliyev qalib Sərkərdə kimi Qafqazın incisi olan Şuşa şəhərinə 7 dəfə səfər edib. Ölkə başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu məqamı belə vurğulayır: “Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq”.

Günel Eyyubova, “İki sahil”