29 yanvar 2022 00:39
746

Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya hədsiz təşəkkür edirik - Binə sakinləri (FOTO/VİDEO)

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Xəzər rayonu Binə qəsəbəsində açılışını etdiyi Tədris və Xidmət Kompleksi təhsilimizə, vətəndaşların sosial rifahına, insanların rahat və layiqli həyat şəraitinin təmin edilməsinə xidmət edir.

“İki sahil” xəbər verir ki, Trend-in çəkiliş qrupu yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinə baş çəkib, məktəbdə yaradılan müasir şəraitlə tanış olub.

Xəzər rayonundan olan millət vəkili Soltan Məmmədov Trend-ə bildirib ki, əvvəllər bu ərazidə məktəb, uşaq bağçası və digər sosial infrastruktur olmayıb. Qəsəbə sakinlərinin bu istəyini nəzərə alan Heydər Əliyev Fondu tez bir müddətdə müasir infrastruktur yaradaraq insanların xidmətinə verib.

“Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva daim təhsil sahəsinin inkişafına, vətəndaşların həyat şəraitinin yüksəldilməsinə böyük önəm verib. Binə qəsəbəsində inşa edilmiş bu kompleks bu siyasətin növbəti təzahürüdür. Heydər Əliyev Fondunun əsas prinsiplərindən biri ölkəmizdə tam yeni və müasir təhsil komplekslərinin yaradılmasıdır. Bu məqsədlə ölkənin hər yerində, o cümlədən Bakı şəhərinin qəsəbə və kəndlərində yeni məktəblər inşa edilir, müəllim və şagirdlərin ixtiyarına verilir. Həmçinin, burada tibb məntəqəsinin, poçt şöbəsinin və parkın yaradılması qəsəbə sakinlərinə böyük töhfədir”, - deyə deputat qeyd edib.

S.Məmmədov əlavə edib ki, bu gün bütün ölkə boyu müasir infrastruktur layihələri həyata keçirilir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, ölkəmizin hər bir şəhər, rayon və qəsəbəsində quruculuq işləri aparır. Bu, ölkə iqtisadiyyatının güclü olmasından xəbər verir.

Binə qəsəbə sakinləri də öz növbəsində Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Yerli sakin Nəbi İmanov qeyd edib ki, qəsəbədə belə bir müasir kompleksin istifadəyə verilməsi onları çox sevindirib: “Çox sevinirik, çünki qəsəbəmizdə məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt yox idi. Prezidentə və Birinci xanıma hədsiz təşəkkür edirik”.

Qəsəbə sakinləri Xuraman Məmmədova, Nəzakət Əkbərova, Elnarə Babayeva, Fatma Yaqubova və başqaları vurğulayıblar ki, insanlar hər zaman Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısını hiss edirlər. Onlar yaradılan bu yüksək şəraitə görə, məmnunluqlarını ifadə ediblər və ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Videoreportajı təqdim edirik: