17 may 2022 12:24
252

Mikayıl Cabbarov: Azərbaycandan Avropaya enerji ehtiyatları tədarükünün artacağını gözləyirik

Azərbaycan Avropa bazarlarına enerji ehtiyatlarının fasiləsiz tədarükünü davam etdirir və biz gözləyirik ki, bu həcmlər artmaqda davam edəcək.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

"Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın başlıca istiqaməti neft və qaz, eləcə də nəqliyyat sektorudur. Həmçinin alternativ enerjinin inkişafı və bu istiqamətdə əməkdaşlığın genişlənməsi gözlənilir. Ölkəmiz Aİ ölkələrinə və digər bazarlara yük nəqli üçün qovşağa çevrilib. Bizim liman və tikilməkdə olan iqtisadi zonalar mövcud əməkdaşlığı genişləndirməyə və Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi göstəricilərini artırmağa imkan verir", - deyə o bildirib.

Nazir bildirib ki, Azərbaycanın bir sıra dövlət strukturlarında islahatlar keçirilib və bu islahatlar əlavə investisiyaların cəlb olunmasına və əlverilşli biznes mühitinin formalaşmasına xidmət edir.

"Vergi, gömrük və digər orqanlar tərəfindən tətbiq edilən təşviqlər Azərbaycanın investisiya potensialını artırır. Kiçik və orta biznes büdcə gəlirlərinin təxminən 60 faizini təşkil edir, qeyri-neft ixracının 40 faizi də kiçik və orta biznesin payına düşüb", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin prioritet fəaliyyət istiqamətlərindən biri azad edilmiş ərazilərin bərpasıdır.

"Hazırda orada yol və infrastruktur tikintisi işləri aparılır, sənaye zonaları yaradılır. Qarabağda işğal zamanı bütün kəndlər və şəhərlər dağıdılıb. Bizim keçmiş məcburi köçkünlərimiz yaxın perspektivdə öz doğma yurdlarına qayıdacaq". - M.Cabbarov vurğulayıb.