Məlum olduğu kimi dövlət tərəfindən bir qrup Vətən müharibəsi şəhidinin oğlan övladlarının sünnət olunması üzrə xeyriyyə aksiyası təşkil edilmişdir. Xeyriyyə aksiyasında Vətən müharibəsi şəhidi Babayev Ramil Taqət oğlunun övladı balaca Ramil də iştirak etmişdir.
“İki sahil” xəbər verir ki, bu münasibətlə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, rayon təşkilatının əməkdaşları Kürdəmir şəhərində şəhidin ailə üzvləri ilə görüşmüş və təbrik etmişlər. YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov tərəfindən qiymətli hədiyyə şəhidimizin övladına təqdim edilmişdir.
Şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Ramil Babayev ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” , “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidimizin işıqlı xatirəsi daim insanların qəlbində yaşayacaq və gənc nəsillərə örnək olacaqdır.