17 may 2022 23:56
692

Lənkəranlı məktəblilər Heydər Əliyev Mərkəzində

Qarşıdan gələn 18 may - Beynəlxalq Muzeylər Günü ərəfəsində Lənkəran rayonu A. Xəlilov adına Vel kənd tam orta məktəbin müəllim və şagird kollektivi Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər.

Əvvəlcə  mərkəzin əməkdaşları  tərəfindən müəllim və şagirdlərə muzeydə  Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolunu əks etdirən fotoşəkillər, sənədlər, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Lənkəran səfərlərini əks etdirən fotoşəkillər və 44 günlük İkinci  Qarabağ müharibəsində Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi haqqında məlumat verildi. Sonra  Mərkəzin bələdçisi  Həmidə Məmmədli  "Muzeylər tariximizdir" mövzusunda qonaqlar qarşısında  məruzəsi oldu.   Muzey tarixi, fəaliyyəti ilə bağlı danışan natiq həm də  xalqın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə  hörmətlə yanaşmaq, mədəni irsimizi qoruyub gələcək nəsillərə çatdırmaq  hər bir Azərbaycan vətəndaşının borcu  olduğunu bildirdi.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin foyesində yaradılan  yeniyetmə və gənclərin rəsm əsərlərdən ibarət “Əziz Şuşa, sən azadsan” adlı sərgi, eləcə Mərkəzin elektron kitabxanasında yerləşən müxtəlif mövzulu  kitablarla tanışlıq da   müəllim və şagirdlərdə  xoş təəssürata  səbəb oldu .

Zəfər Orucoğlu, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü