17 may 2022 22:08
636

Nancy Ackles NDU-nun müəllim və tələbələri üçün vebinar keçib

Ali təhsil ocağının Xarici dillər fakültəsində keçirilən tədbirdə İngilis dili və tərcümə kafedrasının baş müəllimi, tədbirin təşkilatçısı Aidə Cəlilzadə professoru salamlayaraq, vebinarda iştirakına görə minnətdarlığını ifadə edib. Ali təhsil ocağında ingilis dilinin tədris olunması, bu sahədə kadr hazırlığı istiqamətində görülən işlər haqda ətraflı məlumat verilib.

Daha sonra ABŞ-ın Azusa Pasifik Universitetinin qlobal tədqiqatlar, sosiologiya və TESOL  departamentinin professoru  Nancy Acklesin “ İngilis dili müəllimləri təhsildə müsbət dəyişikliklərdə lider kimi” mövzusunda çıxışı dinlənilib. Dünyanın bir çox ölkələrinin ənənəvi tədris metoduna malik olması haqqında danışan professor ənənəvi və müasir təlim metodlarını müqayisə edib. Nancy Ackles ənənəviliklə müasirliyin vəhdətinin tədris prosesindəki əhəmiyyətinə də toxunub. Professor təlimin gedişatında ingilis dilinin tədrisində tətbiq olunan müasir təlim metodlarından, yeni strategiyalardan bəhs edib və auditoriyaya fikir və tövsiyyələrini çatdırıb. Vurğulanıb ki, ingilis dili müəllimləri çox vaxt bu zəruri innovasiyaların təhsil sisteminə gətirilməsində xüsusilə maraqlıdırlar, çünki ingilis dili müəllimləri digər fənlərin müəllimlərinə nisbətən fikirlərini daha asan paylaşa bilirlər. Qeyd edilib ki, ortaq dil bu sahədə fəaliyyət göstərən müəllim və tədqiqatçıların birgə layihə və təlimlər keçirməsini, mövcud elmi-praktiki materiallardan istifadəni asanlaşdırır.  Bunun nəticəsidir ki, ingilis dili müəllimləri böyük və kiçik ideyaları bölüşür, bu ideyalar məktəbdən-məktəbə, bölgədən-bölgəyə və ölkələrə yayılır.

Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli Nancy Acklesə verdiyi dəyərli məlumatlara görə öz minnətdarlığını ifadə edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Məmmədbağır Dünyamalıyev,
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı