17 may 2022 23:32
652

Naxçıvan Dövlət Universitetində əcnəbi tələbələrin poeziya gecəsi keçirilib

Ali təhsil ocağında Xarici tələbələr üzrə dekanlıq və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə əcnəbi tələbələrin poeziya gecəsi keçirilib. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan dilinin zənginliyini, ahəngdarlığını xarici tələbələrə aşılamaq, bu dəyərli milli sərvəti onlara tanıtmaqdan ibarətdir.

Tədbiri giriş sözü ilə açan universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov qeyd edib ki, dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Vurğulanıb ki, ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Sonra tələbələrin dahi Azərbaycan şairlərinin şeirlərini bədii qiraət etmələri poeziya gecəsini daha yaddaqalan edib. 

Daha sonra tələbələrin çıxışları dinlənilib. Qeyd edilib ki, Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir.

Sonda poeziya gecəsində fərqlənən tələbələrə sertifikatlar təqdim edilib.

Məmmədbağır Dünyamalıyev,
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı