17 may 2022 22:46
588

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş filmin təqdimatı keçirilib

Mayın 17-də Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə Milli Qəhrəman Hidayət Rüstəmovun əziz xatirəsi yad edilib və Şəhidimizin əziz xatirəsinə həsr olunmuş filmin təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə "Həyat Fondu"nun rəhbəri Hacı Nuran, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər. Eyni zamanda Şəhidlərimizin xatirəsinə ucaldılmış abidə ziyarət olunmuş və şəhidlərimizin ruhlarına dualar oxunmuşdur.

Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov və digər çıxış edənlər vətənimizin azadlığı uğrunda canından keçmiş oğullarımızın qəhrəmanlıqlarından bəhs etdilər və onların əziz xatirələrinin qəlbimizdə daim yaşayacağını bildirdilər.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Daha sonra tədbir Azərbaycan Respublikasının Milli Qəhrəmanı Hidayət Rüstəmovun əziz xatirəsinə həsr olunmuş filmin təqdimatı ilə davam etdirilib.