20 may 2022 20:43
704

Naxçıvanşünaslıq Mərkəzi ilə tanışlıq

Bu gün “Naxçıvan” Universitetində təhsil alan əcnəbi tələbələrin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi ilə tanışlığı həyata keçirilmişdir.

“İki sahil” xəbər verir ki, mərkəzin elmi katibi Nihad Tarverdiyev mərkəz haqqında tələbələrə geniş məlumat verərək qeyd etmişdir ki, Naxçıvana həsr olunmuş kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanılması, tədqiq və təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbov 17 fevral 2011-ci il tarixdə Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında Sərəncam imzalamışdır.  

Ötən dövr ərzində mərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilmişdir. Burada müasir kitabxana texnologiyaları və metodları sahəsində bir çox yeniliklər tətbiq edilmiş, fəaliyyətinin bütün istiqamətlərinin ardıcıl olaraq təkminləşdirilməsi həyata keçirilmiş, yeni metod və texnologiyalar mənimsənilmiş, kadrların bilik və peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Elmi tədqiqat işlərinin aparılması üçün hər cür şəraitlə təmin olunan Naxçıvanşünaslıq Mərkəzinə müraciət edən 16 yaşdan yuxarı hər bir azərbaycanlı, hətta xarici ölkə vətəndaşları da mərkəzin imkanlarından istifadə edə bilərlər. Burada Naxçıvanın demək olar ki, bütün elm sahələrinə aid çox dəyərli, həm də müxtəlif dillərdə olan kitablar, jurnal və qəzet materialları, xəritə və atlaslar, avtoreferatlar, albom və fotomateriallar, DVD və CD formatında sənədli filmlər və s. qorunub saxlanılır.

Qeyd olunmuşdur ki, Naxçıvanşünaslıq Mərkəzi elmi tədqiqat müəsisəsi kimi fəaliyyət göstərir. Bununla yanaşı  doğma diyarımızın təbliği və gənc nəslin qədim tariximizi, zəngin mədəniyyətimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini daha dərindən mənimsəməsi üçün mərkəz tərəfindən açıq dərslər, kitab müzakirələri, naxçıvanşünaslığı əhatə edən müxtəlif tədbirlər və.s  təşkil olunur.

Sonda elmi katib tələbələrə mərkəzin akt zalında yaradılan  kitab sərgiləri haqqında geniş məlumat vermiş və tələbələrin sualları  cavablandırılmışdır.