23 iyun 2022 13:06
691

Nazir: Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 2,77 dəfə artıb

“Ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 31,3 faiz, bu ilin yanvar-aprel aylarında 2,77 dəfə artıb.

“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətləri qeyd edən Sahil Babayev Azərbaycanda Rumıniya və Rumıniyada Azərbaycan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edib. Nazir Parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının, Buxarestdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyət göstərdiyini, Buxarestdə və Bakıda biznes forumlar və işgüzar görüşlərin keçirildiyini, bu və digər tədbirlərin əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb.

Sahil Babayev ümumilikdə, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığının ildən-ilə genişlənməkdə olduğunu qeyd edib. Hökumətlərarası birgə Komissiyanın bu növbəti iclasının da əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.