24 iyun 2022 20:18
1830

Bizi qürbətdə birləşdirən bir dəyər var: ölkəmizi daim layiqincə təmsil etmək - Afət Məmmədova

Çinin 2-ci ən böyük dövlət tikinti şirkətində çalışan azərbaycanlı: Qələbəmizi daimi etmək üçün ölkəmizi layiqincə təmsil etmək, reallıqlarımızı dünyaya tanıtmalıyıq

Mən 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. 189-190 №li məktəbdə təhsil aldığım illər ərzində istər məktədaxili, istərsə də məktəbdənkənar sosial layihə və tədbirlərdə fəal iştirak etmiş, ölkəmizi xarici ölkələrdə layiqincə təmsil etmişəm. 2012-ci ildə Sloveniyada Azərbaycan, Fransa, Sloveniya və Ermənistan gənclərinin iştirakı ilə Avropa Şurası tərəfindən təşkil olunmuş “Bringing old city back to life” proqramının iştirakçısı, 2013-cü ildə iki dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Şərqi Aralıq dənizi Universitetinin Şimali Kipr Türk Cümhuriyyətində təşkil etdikləri “Sabahın alimləri 2013” hazırlıq proqramının iştirakçısı, 2014-cü ildə “Sabahın alimləri” Respublika müsabiqəsinin qalibi olmuşam. 2014-cü ilin 12-13 mart tarixlərində Avstriyanın Vyana şəhərində keçirilən BMT-nin Narkotik Vasitələr və Cinayət üzrə Komissiyasının (UNODC) 57-ci sessiyasında iştirak etmişəm. 2015-ci ildə 189-190 saylı  məktəbi “Əla” qiymətlər və Qızıl medalla bitirmiş və həmin ildə 674 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyat ixtisasına  qəbul olunmuşam.

Akademiyada təhsil aldığım dövrdə ixtisasımdan əlavə Çin dilini öyrənmiş, Çin Xalq Respublikasının (ÇXR)  Azərbaycandakı səfirliyinin və Konfutsi İnstitutunun bir çox tədbirlərində iştirak etmişəm. 2018-ci ilin dekabrında 5-ci səviyyə (C1) HSK - Çin dili sertifikatı qazanmışam. Universitet illərində də bir çox beynəlxalq layihələrdə ölkəmizi uğurla təmsil etmişəm. 2017-ci ilin iyul ayında Çinin paytaxtı Pekin şəhərində Bakı Dövlət Universitetinin nəzdində Konfutsi İnstitutunun təqaüd proqramı çərçivəsində Pekin Paytaxt Pedoqoji Universitetində 4 həftəlik Çin dili proqramını bitirmişəm. Həmin ilin dekabrında Rumıniyanın Buxarest şəhərində Milli Siyasi Elmlər və Dövlət İdarəçiliyi Universitetinin (SNSPA) təşkil etdiyi “Smart cities” konfransında Azərbaycanı təmsil etmişəm. 2018-ci ilin oktyabrında Fransanın Nant şəhərində Nant Metropolun (Nantes Metropole) təşkilatçısı olduğu və 16 ölkədən 50 gəncin qatıldığı “Nantes Creative Generations” Avropa Gənclər Təşəbbüsü proqramında Azərbaycanı təmsil etmişəm. 2019-cu ilin mayında ÇXR-i Azərbaycandakı səfirliyinin və Konfutsi İnstitutunun təşkil etdikləri Beynəlxalq “Çin dili körpüsü” yarışmasında 1-ci yerə layiq görülmüş və həmin ilin yayında Çinin Çanşa şəhərində keçirilən beynəlxalq “Çin dili körpüsü” yarışmasının final mərhələsində ölkəmizi təmsil etmişəm. 

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “Əla” qiymətlər və fərqlənmə diplomu ilə bitirmişəm. Həmin ildə Təhsil Nazirliyinin Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Pekin şəhərində yerləşən Beynəlxalq Biznes və İqtisad Universitetinin MBA ixtisasına qəbul olunmuşam. Hazırda bu universitetin III kurs tələbəsiyəm. Pekində təhsil aldığım ilk semestr ərzində Çindəki səfirliyimizin tədbirlərində fəal iştirak etməklə diasporumuzun güclənməsində daim səy göstərmişəm.

Şirkətimiz hazırda Körfəz regionunun ən böyük layihəsi olan “Etihad Rail” dəmir yolu layihəsini icra edir

azırda Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində Çin Dəmiryolu İnşaatı Korporasiyasında İnsan Resursları mütəxəssisi kimi çalışıram. Qeyd edim ki, çalışdığım şirkət Çinin 2-ci ən böyük dövlət tikinti şirkəti və dünyanın nəhəng tikinti şirkətlərindən biridir. Şirkətimiz hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ)  Körfəz regionunun ən böyük layihəsi olan “Etihad Rail” dəmir yolu layihəsini icra edir. Bu layihənin 2030-cu ilədək bütün Körfəz ölkələrinin böyük şəhərlərini birləşdirməsi planlaşdırılır. Hazırda BƏƏ-də diaspor fəaliyyətində fəal iştirak edirəm.

Bundan əlavə, 2019-cu ilin aprel ayından İnstagram (@chinawithafet) səhifəsi və www.chinawithafet.com vebsaytı üzərindən Çin, onun mədəniyyəti, Çində təhsil, insanların həyat tərzi və Çin dili ilə bağlı məqalələr yazıram.

Uzun müddətdir ki, Azərbaycandan uzaqda yaşayıram. Çində və BƏƏ-də mənim kimi qürbətdə yaşayan onlarla fəal və uğur qazanmış həmyerlimizlə tanış olmuşam. Bizi qürbətdə birləşdirən bir dəyər var: ölkəmizi daim layiqincə təmsil etmək, reallıqlarımızı dünyada yaymaq. Daim bu amalla yaşayacaq, bayrağımızı yüksəklərə qaldıracağıq.

Azərbaycan inkişaf etdikcə dünya iqtisadiyyatı, elmi, siyasəti, mədəniyyəti və digər sahələrdə öz gücünü sübut edir. Təbii ki, bu işdə xaricdə yaşayan həmvətənlərimizin və dövlət dəstəyinin rolu xüsusi vurğulanmalıdır. Hər il yüzlərlə azərbaycanlı gənc dünyanın perspektivli ali məktəblərində dövlət hesabına təhsil almaq və inkişaf etmiş ölkələrdə məşhur şirkətlərdə çalışmaq şansı qazanır. Vətəndən kənarda yaşayan həmyerlilərimizin koordinasiyası, yaşadıqları ölkələrdə sıx birləşməsi ölkəmizin təbliği üçün çox önəmlidir ki, bu işdə onlara Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondu daim dəstək olur. Xarici ölkələrdə yaşayan soydaşlarımız istər beynəlxalq tədbirlərdə, istərsə də səfirliklərimizin təşkil etdikləri görüşlərdə fəal iştirak edirlər. Son illərdə xüsusən Birləşmiş Ərəb Əmirlikləri və Çin Xalq Resublikasında keçirilən tədbirlər xüsusi vurğulanmalıdır. Çünki hər iki ölkənin Azərbaycanla güclü siyasi, iqtisadi və mədəni əlaqələri var.

Azərbaycan və Çin arasında siyasi əlaqələr 1992-ci il aprelin 2-də qurulmuşdur. Amma iki ölkə arasında tarixi əlaqələr daha dərin köklərə gəlib çıxır. Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsinə qoşulduqdan sonra layihədə əsas dəstək verən ölkələrdən biri olmuşdur. Təşəbbüsə qoşulduqdan sonra iki ölkə arasında əlaqələr daha da güclənmişdir. Çinin Pekin, Şanxay kimi böyük şəhərlərində keçirilən tədbirlərdə Azərbaycan ÇXR-dəki səfirliyinin və orada yaşayan həmvətənlərimizin birliyi nəticəsində yüksək səviyyədə təmsil olunmuşdur.  2019-cu ilin oktyabrında Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Asiya-Afrika Gənclər Festivalı çərçivəsində keçirilən Gənc Sahibkarlar Forumu da hər iki ölkənin gənc sahibkarlar və startapçılarının qatıldıqları irimiqyaslı tədbirlərdən olmuşdur. Həmin ildə respublikamızın Pekindəki səfirliyində ilk dəfə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilmişdir.

Son illərdə Çin və Azərbaycan arasında təhsil əlaqələri genişlənməkdədir. Aprelin 20-si BMT tərəfindən Beynəlxalq Çin Dili Günü kimi qəbul edilmişdir. Bu il Çinin dövlət televiziyası olan CCTV-də Çin Dili Günü münasibətilə keçirilən verilişə Pekin şəhərinin Beynəlxalq İqtisad və Biznes Universitetinin magistr tələbəsi mən də qatılmış, verilişdə Çin dilinin xüsusiyyətləri haqqında müzakirələrdə iştirak etmişəm.

Hazırda Pekin Xarici Dillər Universitetində Azərbaycan dili çinli tələbələrə tədris olunur. Eyni zamanda Bakı Dövlət Universitetinin nəzdində Konfutsi İnstitutu Azərbaycanda Çin dilinin tədrisində fəal iştirak edir və Çində təqaüdlü təhsil təklif edirlər. Həmçinin  Hökümətlərarası Təqaüd Proqramı çərçivəsində hər il onlarla tələbə Çində təqaüdlü təhsil imkanı əldə edir.

Şuşada keçirilən Qurultay dövlətimizin, ordumuzun və diasporumuzun qələbəsidir

Qarabağda bərpa və tikinti işlərinin aparılmasında Çinin qabaqcıl şirkətləri artıq iştiraka cəlb olunub. Prezident İlham Əliyev ÇXR Sədri Si Cinpinə iki ölkə arasında münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ünvanladığı məktubda Qarabağda aparılan işlərə Çin şirkətlərinin cəlb olunmasını dəstəklədiyini bildirib. Çinin Azərbaycandakı səfiri xanım Qo Min bildirib ki, “Huawei” şirkəti Qarabağda “ağıllı şəhər”lərin yaradılması layihəsində iştirak edir və tezliklə bu əməkdaşlıq daha da iri miqyas alacaq.

Birləşmiş Ərəb Əmirliklərində də Diasporla İş üzrə Dövlət Komitəsi burada yaşayan Azərbaycan icmasının əlaqələndirilməsində yaxından iştirak edir. Bu görüşlərdən biri ötən ilin oktyabrında Dubay şəhərində baş tutdu. Görüş 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü və Vətən müharibəsində əldə olunan şanlı Zəfərin birinci ildönümü münasibətilə təşkil edilmişdi. Tədbir körfəz ölkələrində yaşayan həmvətənlərimizin koordinasiyasında böyük rol oynadı və onun gələcək inkişafına böyük töhfə verdi. Bu tip görüşlər və tədbirlərdə soydaşlarımız hazırda da fəal iştirak edirlər.

Bu il uzun müddət çəkən həsrətdən sonra xaricdə yaşayan soydaşlarımız mədəniyyətimizin beşiyi Şuşada Dünya Azərbaycanlılarının 5-ci Qurultayına toplaşdılar. Bu tədbir dövlətimizin, ordumuzun və diasporumuzun qələbəsidir.

Azərbaycan 2020-ci ildə Qarabağ müharibəsindəki Qələbə ilə öz qüdrətini göstərmiş oldu. Bu, dövlətimizin, gənclərimizin, şəhid və qazilərimizin, igid əsgərlərimizin qələbəsidir. Qələbəmizi daimi etmək üçün ölkəmizi daim layiqincə təmsil etmək, reallıqlarımızı dünyaya tanıtmalıyıq.

Afət Məmmədova,
Birləşmiş Ərəb Əmirlikləri