07 fevral 2019 11:20
217

33 minə yaxın yeni iş yeri, 3 minə qədər yeni istehsal sahəsi FOTO

Sumqayıtdakı Kimyaçı Mədəniyyət Sarayında şəhərin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ötən ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Z.Fərəcov diqqətə çatdırıb ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib: “2018-ci ildə ümumi məhsul istehsalı 2017-ci illə müqayisədə 35 faiz və ya 520 milyon manat artaraq 2 milyard manatdan çox olub. Sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir. İrimiqyaslı investisiya layihələrinin icra edilməsi, bir neçə iri sənaye müəssisəsinin fəaliyyətə başlaması bu göstəricilərin cari ildə daha da artacağını deməyə əsas verir. Ötən ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” MMC-nin Polipropilen istehsalı zavodunun açılışında birgə iştirakı şəhərin tarixinə önəmli hadisələrdən biri kimi yazılıb. Kanada və Avstriya texnologiyası əsasında ildə 180 min ton məhsul istehsal edəcək zavodda 450 nəfər işlə təmin edilib. Qeyd edilməlidir ki, Sumqayıt Kimya Sənaye Parkı ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunun bu il yanvarın 16-da ölkə rəhbərinin iştirakı ilə açılışı olmuşdur. Zavodda 500 nəfər daimi işlə təmin ediləcək. Bu, Sumqayıtın müstəqillik tarixində ən böyük layihədir.”

Zakir Fərəcov bildirib ki, ötən il Sumqayıt Kimya Sənaye Parkında İsveçrə və Türkiyə texnologiyaları əsasında 3,5 milyon dollar dəyərində 100 faiz xarici investisiya hesabına tikilmiş, ilkin mərhələdə 40 min ton tikinti qatqıları istehsal edəcək inşaat kimyəviləri zavodu, İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal edəcək, investisiya dəyəri 51 milyon dollar olan əlvan metallar və ferroərintilər zavodu və Böyük Britaniya, Almaniya, İtaliya texnologiyaları əsasında qurulan, ildə 11 milyard ədəd siqaret istehsal edəcək “Tabaterra” tütün məmulatları fabriki istifadəyə verilib.

Məruzədə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası dövründə, yəni son 5 ildə şəhərdə ümumi məhsul istehsalının 2,6, sənaye məhsulu istehsalının 2,9, investisiya qoyuluşunun 3,5 dəfə artdığı, 32 min 819 yeni iş yerinin yaradıldığı, 2955 yeni istehsal sahəsinin fəaliyyətə başladığı diqqətə çatdırılıb.

Çıxışlarda 2018-ci ildə görülən işlər haqqında məlumat verilib, nailiyyətlərlə yanaşı, problemlər də araşdırılıb, onların həlli ilə bağlı təkliflər irəli sürülüb. Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Orxan Vahidoğlu, “İki sahil”