31 yanvar 2019 18:14
213

33 yaşayış məntəqədən 25-i təbii qazla təmin olunub

Əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində son illər ölkə rəhbərliyi tərəfindən davamlı tədbirlər həyata keçirilir. İstehlakçıların təbii qaza olan tələbatını tam ödəmək məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur, qaz infrastrukturunda mövcud problemlər intensiv surətdə aradan qaldırılır.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev ölkə üzrə qazlaşdırmanın səviyyəsinin 95 faiz olduğunu vurğulayaraq deyib: “Ancaq əlbəttə, o demək deyil ki, bu, bizi qane edir. Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu proses davam etdiriləcək”.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası olaraq, son 5 ildə digər rayonlar kimi, Oğuzun yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması məqsədilə zəruri işlər görülüb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, 2014-2018-ci illərdə Oğuzun 13 yaşayış məntəqəsi qazlaşdırılıb, 3696 abonent təbii qazla təmin olunub. Qazlaşma nəticəsində bu kəndlərdə yaşayan 21 min nəfərədək əhalinin məişət problemləri öz həllini tapıb. Hazırda rayonun 33 yaşayış məntəqəsindən 25-nin əhalisi “mavi yanacaq”dan istifadə edir. Əhali abonentləri üzrə qazlaşma 77 faizə yaxındır.

Qurumdan bildiriblər ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul ediləcək yeni, dördüncü dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası olaraq, növbəti illərdə rayonun qalan 8 yaşayış məntəqəsinin də mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulur.