09 avqust 2022 10:59
509

Azərbaycan qeyri-neft ixracını 24% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ixracının ümumi dəyəri 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının ümumi dəyəri isə 1,7 milyard ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkənin qeyri-neft ixracı 24,2% artıb.

Hesabat dövründə meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artaraq 376,9 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28,1%, pambıq lifi ixracı 5,4%, çay ixracı isə 57,2%, artıb.

2022-ci ilin iyul ayı üzrə ixracın ümumi dəyəri 4,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 17,2% təşkil etməklə 224,6 milyon ABŞ dolları olub. 2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 43,7% artaraq 61,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 9,5% artaraq 162,9 milyon ABŞ dolları təşkil edib.