12 avqust 2022 02:46
822

Qarabağ və Şərqi Zəngəzur sənaye mərkəzinə çevrilir

Sənaye parklarının yaradılması 2003-cü ildən qarşıya əsas hədəf kimi qoyulan neft-qaz sektorundan asılılığın azaldılmasına yeni imkanlar açır

Tarixi Zəfərimiz ölkəmizin həyatında yeni mərhələyə yol açdı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, paytaxt və bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyev cari ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə «Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq» bildirərək onu da əlavə etmişdir ki, buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik. 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib. Şəhərlər, kəndlər yenidən qurulur, binalar tikilir. Bununla paralel olaraq, sosial məsələlər həll edilir.  Bu il orta əməkhaqqı təxminən  14 faiz, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var ki, bu da dövlət büdcəsidir: «O büdcə ki, o büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik, bax, dediyim səbəblərə görə. O büdcə ki, biz sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödəyirik və heç kimdən bir manat almadan. Ona görə bunu bilmək lazımdır. Bunu unudanlar da gərək yaddaşlarını, necə deyərlər, aydınlaşdırsınlar, bir az diqqətli olsunlar.»

Təbii ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır.  Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında iqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olduğunu vurğulayır. Müşavirədə cənab İlham Əliyev bir daha bu məsələyə diqqəti yönəldərək bildirdi ki, iqtisadi müstəqillik əldə etdiyimizə görə  siyasi müstəqillik qazanmışıq.  Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizə heç nəyi diktə edə bilməz. Heç kimdən asılı deyilik və  heç vaxt asılı olmayacağıq. Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəricilərinə nəzər salaq. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb.

Reallıq budur ki, 2003-cü ildən dövlət başçısı İlham Əliyev bu hədəfi qarşıya qoymuşdur ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. İqtisadiyyatın şaxələndirilməsi prioritet məsələ kimi öndədir. İqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənayenin, xüsusilə qeyri-neft sənayesinin sürətli inkişafıdır.  Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin dinamikasının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır. Daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə  artır. İxrac imkanlarımız genişlənir. Sənaye parkları ixracyönümlü  məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslana rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal  sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır. Qeyri-neft sektorunun inkişafına mühüm töhfə verən sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyevin 28 may  2021-ci il  tarixli Fərmanına əsasən Ağdam, 4 oktyabr 2021-ci il  tarixli Fərmanı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə sənaye parklarının sayı 7-yə çatıb. Regionların, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında sənaye məhəllələri də əhəmiyyətli rol oynayır. Hazırda ölkəmizdə 5 sənaye məhəlləsi – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir.

   O da məlumdur ki, sənaye zonalarında idarəetmənin təkmilləşdirilməsi üçün ölkə Prezidentinin 22 yanvar 2021-ci il tarixli Fərmanı ilə  İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı. Agentlik 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir.

   Bu günlərdə dövlət başçısı İlham Əliyev  Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak etdi.  Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda yaradılmış ilk Sənaye Parkıdır. Cənubi Qafqazın ən böyük Sənaye Parkının ərazisində neft-kimya, kimya, tikinti materiallarının istehsalı və digər prioritet sənaye sahələri üzrə müəssisələr fəaliyyət göstərir, həmçinin yeni istehsal və emal müəssisələri yaradılır. Sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb. Statistik rəqəmlərə diqqət yetirək.  Sahibkarlar tərəfindən indiyədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 min 100-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulur.

  Qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş torpaqlarımızda  bərpa və quruculuq işləri geniş miqyas alıb.  Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında iqtisadi rayonların yeni bölgüsü aparıldı. Həmin bölgüyə əsasən iqtisadi rayonların sayı 14-ə çatdırıldı. Yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı.  İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar,  məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır.  Füzuli, Cəbrayıl və Zəngilan  rayonları  işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Bu torpaqların məhsuldarlığının bərpa edilməsi əsasında  ölkəmizin  ərzaq təhlükəsizliyinin təminatına böyük  töhfə verəcək. Onu da qeyd edək ki,  Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımızın təxminən yarıya qədəri həmin ərazidədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi,  kənd təsərrüfatı və  sənaye müəssisələrinin bərpası  yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bir sözlə, tarixi sahiblərinə qayıdan torpaqlarımızda canlanma yaşanır. Zəfərimizdən sonra həmin torpaqlarda ilk olaraq infrastrukturun bərpasına xüsusi diqqət göstərilməsi də səbəbsiz deyil. Yol-nəqliyyat infrastrukturunun    yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar  qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla  Qarabağın yaxın zamanlarda cənnət məkana çevrilməsinə,  xarici investorlar üçün cəlbediciliyinin artmasına geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev   azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji  zonası elan etdi. Azad olunmuş  ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və  2000 meqavat külək enerjisi təşkil edir. Görülmüş bərpa və quruculuq  işlərinin artıq ilkin nəticələri var.  Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Ötən  il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə  eyni həcmdə vəsait ayrıldı.

Son bir ildə müzakirə olunan məsələlər sırasında zəngin iqtisadi potensiala malik olan işğaldan azad edilmiş torpaqlarımızın  Azərbaycanın dayanıqlı inkişafına hansı töhfələri verəcəyidir.   «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər», həmçinin  iqtisadi rayonların bölgüsünün yenidən həyata keçirilməsi  həmin bölgələrin malik olduğu  iqtisadi imkanlardan səmərəli istifadəyə geniş imkanlar açır. Milli Prioritetlərdə hədəflər və icra mexanizmləri öz əksini tapıb.

Əsas hədəflərdən biri bərpa və quruculuq işlərinin müasir tələblərə cavab verməsi və Böyük Qayıdışın sürətləndirilməsidir. Artıq Böyük Qayıdışın ilk addımı atıldı. Zəngilanın Ağalı kəndi sakinlərini qarşılayaraq əvvəlki həyatına qayıdır.

Bu il işğaldan azad edilmiş ərazilərimizdə atılan  mühüm iqtisadi addımlar  sırasında ölkə  Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  fevral ayında  Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulmasını qeyd etməliyik. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Yeni yaradılan sənaye zonaları, həmçinin Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

Ümumiləşdirilmiş şəkildə qeyd edə bilərik ki,  son 19 ilə yaxın dövrdə  Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb.  Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Hədəflərimiz iqtisadi rayonların yeni bölgüsü əsasında onların malik olduğu potensialdan səmərəli istifadəyə əsaslanır. 2030-cu ilə qədərki dövrü əhatə edən Milli Prioritetlərdən öncə «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası icra edilir. Bu konsepsiyanın hədəfləri isə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək, 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Hər bir sahədə təkmil təcrübəsi ilə nümunə olan ölkəmizin inkişaf etmiş ölkələr sırasında addımlaması reallıqdır. Artıq ölkəmiz daha yeni hədəflərə yeni iqtisadi və sosial inkişaf modeli ilə addımlayır.


Yeganə Əliyeva, «İki sahil»