13 avqust 2022 00:16
660

Yüksət sürətli, keyfiyyətli və sərfəli FOTO

“Aztelekom” və “Baktelecom” müştərilərinə daha müasir və optimal internet xidmətləri göstərəcək

Böyük uzaqgörənliklə aparılan iqtisadi islahatların nəticəsidir ki, qeyri-neft sektoru tərəqqi yoluna çıxıb, iqtisadiyyatın enerji amilindən asılılığı azalıb. İnfrastruktur layihələri, sosial məsələlər uğurlu həll olunub, ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin edilib. Strateji valyuta ehtiyatlarımızın artması sosial problemlərin həlli üçün əlavə maliyyə resurslarının cəlb edilməsinə əlverişli şərait yaradıb.

Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına da müsbət təsir göstərib. MDB məkanında daha çox ölkəmizdə İKT-nin inkişafı ilə bağlı mühüm addımlar atılıb.

Müasir dövrümüzdə İKT cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. İndiki dövrdə ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların İKT-dən səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır. Bu gün Azərbaycanda İKT sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir.

Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan İKT sahəsi inkişaf səviyyəsinə görə fərqlənir. Müasir dövrdə bu sahənin cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrildiyini inkar etmək olmaz. Onun əhatə dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə, insanların həyat tərzini təşkil edir. Bu baxımdan ölkəmizdə bu sahə üzrə innovasiya yönümlü fəaliyyətin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Praqmatik siyasətçi kimi yeni dövrün reallıqlarını düzgün dəyərləndirən Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də bu sahənin inkişafını şərtləndirən əsas amillərdəndir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib.

İstehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq avqustun 6-dan etibarən 4 mbit/s və 10 mbit/s tarifləri ləğv edilərək abunəçilərin daha sürətli internetə keçidi təmin edilib. Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunur ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir.

Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3-4 qat sürət tariflərinə keçirilir və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (60%-dək daha az) ödəniş edirlər. Belə ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 manatdır. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 manat təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 manatdır.

Genişzolaqlı GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.

Dəyişən dünyanın sürəti ilə ayaqlaşmaq, daha da inkişaf etmək və vətəndaş məsuliyyətini anlayaraq ölkəmiz adına daha yararlı biri olmaq üçün informasiya kommunikasiya texnologiyalarından maksimum şəkildə yararlanmalıyıq. Unutmaq olmaz ki, texnologiyalar əsridir və bu imkanlardan imtina edənlər geridə qalmağa məhkumdur.

Cavid Əkbərov, “İki sahil”